İlham Əliyev: Biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi Tokio oyunlarında ləyaqətlə təmsil edək

Bu gün milli olimpiya komitəsində ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkə başçısı İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan prezidenti çıxışında bunu deyib: “Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq. Eyni zamanda, onu da böyük məmnunluq hissi ilə elə qeyd etməliyəm ki, bizim idmançılarımızın mütləq əksəriyyəti həyatda da, məişətdə də gözəl nümunə göstərir, vətənpərvərlik, ləyaqət nümunəsi göstərir. Əlbəttə ki, idmançılara cəmiyyətdə olan hörmət çox yüksək səviyyədədir. Uşaqlar, yeniyetmələr bizim çempionlarımıza oxşamaq istəyirlər. Bu da təbiidir. Mən əminəm ki, bundan sonra da idmançılarımız bizi, xalqımızı sevindirəcəklər.

Gözəl gənc nəsil yetişir. Gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda da biz gözəl nəticələr göstəririk. Gənc nəslin yetişməsi nəticəsində biz bu uğurları əldə edirik. Biz Rio oyunlarında 18 medal qazanmışıq. Bu medalları qazanan həmin o gənclərdir ki, beş-altı il bundan əvvəl yeniyetmələrin yarışlarında iştirak ediblər. Biz medalların sayına görə Rioda 14-cü yerə qalxa bilmişdik. Bu, tarixi nailiyyətdir. Bunu təkrarlamaq çox çətin olacaq. Onu da qeyd etməliyəm ki, növbəti yay olimpiya oyunlarına hazırlıq gələn il həlledici mərhələyə qədəm qoyacaq. Əlbəttə, biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi olimpiya oyunlarında ləyaqətlə təmsil edək.

Bilirsiniz ki, idman infrastrukturunun yaradılması işində böyük uğurlar əldə edilib. Ancaq rayonlarda 44 olimpiya idman mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il bir mərkəz tikilib, gələn il isə üç olimpiya idman mərkəzinin tikintisi nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaqdır.

Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir. Formula1 üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə, bizim yarışımız – Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə İsmayıl Həşimova, Tanziliya Deminaya, Yaqub Məmmədova, Vahid Məmmədova, Şamil Əlimzanova, İbrahim İbrahimova və Svetlana İşməmmədovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim edib.
İlham Əliyev Azərbaycanda idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Esmiralda Ələkbərovaya “Əməkdar həkim” fəxri adının döş nişanını və vəsiqəsini təqdim edib.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elşad Nərimanova, Elxan Əliyevə və Ağasəlim Mircavadova Azərbaycan prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.
Prezidentimiz Elçin Zeynalova “Olimpiya” ordenini təqdim etdi.
Tədbirdə, həmçinin Oktay Mehtiyev, Azər Aslanov, Vüqar Qasımov, Mustafa Əhmədov, Azad Əsgərov və Ceyhun Əşrəfov MOK prezidentinin fəxri fərmanları ilə təltif olundular.
Daha sonra İlham Əliyev 2018-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Həmin kateqoriyadan