İlham Əliyev: İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır

“İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalı, ciddi təhlil aparılmalıdır. Xüsusilə olimpiya oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”.

Allsport.az saytı xəbər verir ki, bunu prezidenti İlham Əliyev deyib. O, Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda sonuncu olimpiya oyunlarının nəticələrinin ciddi təhlil olunmasının və idman sahəsində bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmasının vacibliyini qeyd edib:

“Onu da nəzərə almalıyıq ki, son olimpiya oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir.

Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin.

Nəzərə alsaq ki, Tokio oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır”.

Həmin kateqoriyadan