İlham Əliyev milli olimpiya komitəsinin 30-illik yubileyi münasibəti ilə idman ictimaiyyətini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev milli olimpiya komitəsinin üzvlərinə təbrik məktubu ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, dövlət başçısı bütün idman ictimaiyyətini MOK-un yaradılmasının 30-illiyi münasibətilə təbrik edib və gələcək işlərində yeni uğurlar arzulayıb. Məktubda Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan milli olimpiya komitəsinin ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışdığı qeyd olunur.

Vurğulanır ki, MOK nailiyyətlərlə zəngin şərəfli yol keçib və işini yalnız olimpiya oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərib. Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanıblar.

“Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir. Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur. Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır”, – deyə məktubda bildirilir.

Milli olimpiya komitəsinin idmançılarımızın olimpiya oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrildiyini qeyd edən prezident İlham Əliyev, MOK olimpiya xartiyasının başlıca prinsipləri əsasında ölkədə olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacağına əmin olduğunu bildirib.

Həmin kateqoriyadan