- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Deyə bilmərəm ki, futbolçularımız bizi tez-tez sevindirirlər. Ancaq gözəl anlar da kifayət qədər çoxdur və “Qarabağ” futbol klubu o klublardandır ki, bu anları xalqımıza bəxş edir. Bu münasibətlə mən sizi həm təbrik etmək, həm də təşəkkürümü bildirmək istəyirəm. Çünki sizin uğurlu çıxışlarınız, qələbələriniz azarkeşləri ruhlandırır, sevindirir”.
Allsport.az “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” klubunun üzvləri ilə görüşündə deyib. O daha sonra əlavə edib:
“Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız. Hər kəs – həm Azərbaycanda, həm də dünyada futbolla maraqlanan hər bir insan yaxşı görür və bilir ki, siz böyük qələbələrə layiq idiniz. Ancaq bu qələbələr sizin əlinizdən vicdansızcasına alınıb. Bütün dünyanın gözü qarşısında bu qədər ədalətsizlik, bu qədər vicdansızlıq bəlkə də futbol tarixində nadir hallarda baş verir. Əlbəttə, bilirəm ki, siz də məyus olmusunuz, azarkeşlər də, Azərbaycan xalqı da. İlk növbədə, ona görə ki, siz bu qələbəyə layiq idiniz.
Bu sonuncu oyun – dekabrın 11-də “İnter” komandası ilə keçirilən oyun həlledici idi. Bu oyunda siz çox gözəl mübarizə aparmısınız. Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiniz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusunuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki, qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, sizin qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir. Ədalətsizliklə barışmaq çox çətindir, həm həyatda, həm idmanda, həm də siyasətdə.
Əfsuslar olsun ki, ədalətsizlik hələ ki, özünü müxtəlif sahələrdə büruzə verir, o cümlədən siyasi aləmdə. Biz – gənc, müstəqil Azərbaycan dövləti də bəzi hallarda ədalətsizliklə, ikili standartlarla, ayrı-seçkiliklə üzləşirik. Bizim uğurlu inkişafımızı həzm etməyən, uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici dairələr var ki, Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq üçün ardıcıl şəkildə səy göstərirlər. Ancaq bu səylərin heç bir nəticəsi yoxdur. Çünki Azərbaycan öz yolu, müstəqillik, azadlıq, inkişaf yolu ilə gedir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ancaq belə cəhdlər var. İkili standartlar göz qabağındadır. Əfsuslar olsun ki, indi ikili standartlar dünya siyasətinin standartlarına çevrilmişdir. Biz isə öz yolumuzla gedirik. Amma bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki, beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə bizimlə olur.
Bu gün Azərbaycan reallıqları göz qabağındadır. Lakin hər tərəf alovlanır. Bölgədə, Avropada iqtisadi, siyasi, hərbi böhran, toqquşmalar, davalar, qanlı müharibələr gedir. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır. Biz buna Azərbaycan xalqının zəhməti hesabına nail ola bilmişik. Heç vaxt bu yoldan dönməyəcəyik.
İdmanda isə əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur. Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilmişdir. Yenə də deyirəm, qələbə qazanmaq olar, məğlub olmaq olar. Bu, idmandır, heç kim sığortalanmayıb ki, o, məğlub olmayacaq. Əgər siz ədalətli mübarizədə məğlub olsaydınız, yaxud da ki, o qolu vurmasaydınız, heç kim heç nə deməzdi. Lakin belə oldu, gələn dəfə daha da yaxşı oyun nümayiş etdirmək olardı. Ancaq təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq.
Mən sizi, ilk növbədə, ona görə dəvət etmişəm ki, son illərdə göstərdiyiniz oyunlar əlbəttə, məni də, xalqımızı da sevindirir. Digər tərəfdən, bilirəm ki, komanda üçün indiki dövr o qədər də asan dövr deyil. Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağ” futbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər.
Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağ” klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcək.
Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, siz növbəti yarışlara yaxşı hazırlaşasınız. Bilirəm ki, klubda ab-hava da yaxşıdır. Məşqçi heyəti, klubun rəhbərliyi, oyunçular – siz bir ailə kimisiniz. Mən bunu da alqışlayıram.
Bir daha sizə göstərdiyiniz uğurlar və nəticələr münasibətilə Azərbaycan xalqı adından təşəkkürümü bildirir və yeni qələbələr arzulayıram”.
Prezident “Qarabağ”ın üzvləri ilə görüşünün yekun nitqində isə deyib:
“Mənə də məlumat verildi ki, doğrudan da, Avropada böyük narahatlıq hissi yaranıb. Bu ədalətsizliyə qarşı Avropa da öz səsini ucaltdı. Çünki bir daha demək istəyirəm ki, insanlar bir çox məsələ ilə – məhrumiyyətlərlə, yoxsulluqla barışa bilərlər. Amma ədalətsizliklə barışmaq mümkün deyil, özü də bu ədalətsizlik hamının gözü qarşısında baş verəndə. Əlbəttə, bu, insanları haqlı olaraq coşdururdu və şadam ki, burada, Avropanın idman aləmində də həmrəylik göstərilmişdir. Yəni, sizə olan mənəvi dəstəyi mən yüksək qiymətləndirirəm.
Bir məsələni də vurğulamaq istəyirəm. O hadisə oyunun son dəqiqələrində baş verib. Ancaq mən oyunu izləyərkən bir məqama da diqqət yetirdim ki, komanda özünü necə ləyaqətlə apardı. Çünki o anda emosiyaları, ehtirasları cilovlamaq o qədər də asan məsələ deyildi. O, sıravi bir oyun deyildi, həlledici oyun idi və hər kəs gözəl görürdü ki, təmiz qol vuruluub. Ona görə burada idmana xas olan etik normalar çərçivəsində davranmaq böyük bir mədəniyyət tələb edirdi. Siz də bu mədəniyyəti göstərmisiniz, bütün Avropaya göstərmisiniz. Bir çox komandalar özlərini başqa cür aparardılar. Həm azarkeşlər, həm oyunçular. Ancaq Azərbaycan azarkeşləri də, “Qarabağ” futbol komandası da yüksək mədəniyyət, ləyaqət göstərdi. Bu, hər şeydən üstündür. Qələbələr olacaq və ədalətsizliklər aradan götürüləcək. Əminəm ki, ədalət bərpa olunacaq və növbəti yarışlarda siz qələbənizi əldə edəcəksiniz. Ancaq “Qarabağ” artıq tarixə ləyaqətli komanda kimi daxil oldu. Sizə olan hörmət və eyni zamanda, dünyada, Avropada Azərbaycana olan rəğbət daha da artacaq.
Biz, ümumiyyətlə, hər bir sahədə özümüzü ləyaqətlə aparırıq. Bu, əsas şərtdir. Məişətdə, həyatda, siyasətdə, idmanda ləyaqət hər bir insan üçün başucalığı gətirir. Bu isə insanın daxilində olmalıdır və eyni zamanda, bu, tərbiyə olunmalıdır. Bax, bu gün Azərbaycanda yaşanan gözəl ab-hava, xoş ictimai iqlim bu müsbət meyilləri daha gücləndirir. Bizim ölkəmiz dinamik inkişaf edir, dünyaya açıqdır, əməkdaşlığa açıqdır, öz taleyini özü həll edir. Ölkəmiz 23 ildir müstəqil dövlət kimi yaşayır və bütün dünyaya sübut edə bilib ki, müstəqil dövlət kimi yaxşı yaşaya bilir və öz taleyini öz əlində saxlayır və saxlayacaq.
İdman indi dünyada ictimai fenomendir. İdmanı ictimai həyatdan ayırmaq mümkün deyil və iqtisadi cəhətdən güclü olan ölkələrdə, adətən, idman da sürətlə inkişaf edir. Ona görə idman infrastrukturunun, idmançılara yaxşı şəraitin yaradılması və bütövlükdə idman siyasətini prioritet kimi qəbul etməyimiz bax, bugünkü imkanları yaradıb ki, dünyada Azərbaycan idman dövləti kimi tanınır. Təsadüfi deyil ki, birinci Avropa Oyunları gələn il Bakıda keçiriləcək. Böyük hazırlıq gedir. Əminəm ki, futbolçularımız da hazırlıq işlərində fəal iştirak etməlidirlər. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Həm Avropa, həm İslam Həmrəyliyi oyunlarını keçirəcək ikinci belə ölkə yoxdur və yəqin ki, olmayacaq. Azərbaycan həm Avropada böyük rəğbətə malikdir, həm də İslam aləmində çox böyük hörmətlə qarşılanır.
Əlbəttə ki, İslam Həmrəyliyi Oyunlarını, Avropa Oyunlarını keçirməklə biz sivilizasiyalararası dialoqu daha da möhkəmləndiririk. Çünki Bakı, Azərbaycan bu dialoq üçün mərkəz rolunu oynayır və 2020-ci ildə Avropa futbol çempionatı da Bakıda keçiriləcək. Bildiyiniz kimi, on üç şəhər seçilmişdir. Bakı onların arasındadır. On üç şəhərdən dördü seçilmişdir ki, dörddəbir yarışlar bu şəhərlərdə keçiriləcək. Onlardan biri Bakıdır. Bax, budur bugünkü Azərbaycan, gözəl Bakı şəhərimiz və bizim uğurlarımız.
Əlbəttə ki, hər birimiz, hər bir Azərbaycan vətəndaşı öz sahəsində fəal işləməli, ümumi işimizə öz töhfəsini verməlidir. Çalışmalıdır ki, ölkəmiz daha da çiçəklənsin, inkişaf etsin, xalqımız daha da yaxşı yaşasın, təhlükəsizlik, əmin-amanlıq olsun, insanlarımız rahat yaşasın və belə də olacaq.
Sizi qələbə münasibətilə bir daha təbrik edirəm. Mən hesab edirəm ki, siz həm dekabrın 11-də, həm də ümumiyyətlə, Avroliqada qələbə qazanmısınız. Sizə yeni qələbələr arzulayıram”.