İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

Dekabrın 1-də Milli Olimpiya Komitəsinin 7-ci hesabat-seçki baş məclisində İlham Əliyev yenidən bu təşkilatın prezidenti seçilib. Allsport.az saytınən xəbərinə görə, toplantıda vitse-prezident Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2013-2016-cı illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. O bildirib ki, dövlətimizin başçısının göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkə olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri vardır.

Sonra Təftiş Komissiyasının sədri Hicran Şərifov hesabat məruzəsi ilə çıxış edib. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır və bu, yeni-yeni uğurlara vəsilə olur. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər.

Qeyd olunub ki, son illər Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu, ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bu, eyni zamanda, ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Sonra MOK-a prezident seçkiləri keçirilib. Yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən quruma prezidenti seçilib. Daha sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib.

Həmin kateqoriyadan