Bakı-2015-də yanğın təhlükəsizliyinin tam təmin olunması üçün bütün zəruri işlər görülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizliyi ilə bağlı keçirdiyi qabaqlayıcı tədbirlər çərçivəsində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işlərini davam etdirir. Allsport.az xəbər verir ki, xidmətin Yanğına Qarşı Təbliğat Şöbəsinin və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Qəbələ şəhərində keçirilib.

Seminarda mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər haqqında məlumat verilib, qarşıdan gələn böyük idman tədbirində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri işlərin görüldüyü qeyd edilib.Sonra yanğın təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsi aparılıb, mehmanxana və ictimai iaşə müəssisələrinin işçilərinə yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Tədbirin sonunda “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı slayd nümayiş etdirilib, yeni ilkin yanğınsöndürmə vasitəsi olan avtomatik yanğınsöndürmə topundan istifadə qaydaları əyani şəkildə göstərilib, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası seminar iştirakçılarına paylanılıb.

Həmin kateqoriyadan