- Baxış sayı: 1131
- 23 Sentyabr 2023 17:41
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Kamran Hacı | kamran-haji@mail.ru
Vüqar Həşimovun xatirəsinə sayca 10-cu beynəlxalq superturnir bu dəfə dağlıq Qarabağın zirvəsi Şuşada baş tutdu. Yarışın 1-ci turunda ilk gedişləri rəmzi və qanunauyğun olaraq mərhum şahmatçının atası Qasım Həşimov, AŞF rəhbəri Mahir Məmmədov və 1-ci Vətən müharibəsinin iştirakçıları – 2-qat paralimpiya oyunlarının qalibi İlham Zəkiyev ilə AVF-in prezidenti Mədət Quliyevə etdilər.
Tədbirin təşkilatçıları ölkənin mədəni paytaxtına bir qrup idman jurnalistini də dəvət etmişdilər. Səfərdə yer alanlar içində bəndəniz də vardı. Ata tərəfdən qarabağlı – Füzulidən olsam da, açığı yuxarı Qarabağda ilk dəfə olurdum. Baxmayaraq ki, atam daxil, nənə-babam və əmilərim ittifaq dönəmində nəinki o yerləri gəzmişlər, hətta Zəngəzurda, İrəvanda olmuşlar. Çox sonralar babamdan duydum ki, qocası (qoca ana, yəni nənəsi) Qarakilsədən, Çomərd kəndundən olub. Atam isə demişdi ki, SSRİ vaxtı dədəmi ora qonaq çağırıblar.
Məkan başına İpək yolu ilə səmt aldıq. Bərdəni, sonra Ağdamın içini keçdik. Böyük quruculuq işləri gedirdi. Texnika dayanmadan çalışırdı. Kənardan ölkə başçısı – qalib ali baş komandan İlham Əliyevin bir neçə gün öncə açılışını etdiyi Pənahəli xanın İmarət sarayını gördüm. Cümə məscidi də abad edilmişdi. Ətrafda viran qalmış evlər də az deyildi. Onları görüncə, içdən qəhər boğurdu və istər-istəməz soysuz düşmənə nifrət daha kəskinləşirdi. Özlüyümdə dedim ki, yəqin bu evlərdən biri həmkarım Aydıngilindir (Bağırov). 44-günlük şanlı qələbədən sonra onun son durumunu öz Feysbuk hesabında paylaşmışdı. Daim doğma yurd həsrətindəydi. O üzdən, evlərinin bünəvrəsinin belə qaldığına sevinirdi. Deyə bilmirəm, Qayıdışdan sonra o da birdəfəlik Ağdama köçəcək, ya yox. Amma oraların hər bir qarışı səfalıdır, bərəkətlidir olduğu aşkardır. Fikrimcə, böyük köç artıq çoxdan yüklənərək nizamını itirmiş paytaxta deyil, o yerlərə olmalıdır. Yenidən əkib, biçib, qurub, torpağa yeni həyat vermək lazımdır.
Sonra Əskərana keçdik. Yol boyunca bizi hələ tam bərpa olunmayan uzun qala divarları müşayiət edirdi. Sevindirici və fərəhli haldır ki, 1-günlük antiterror (2023) əməliyyatdan öncə olduğu kimi, ətrafda nə üzdəniraqlara, nə də rus sülhməramlarına rast gəlinirdi. Axşama yaxın bizim karvan Xankəndidə dayandı. Yarış iştirakçıları və təşkilatçılar Şuşaya, şəhərin adına yeni istifadəyə verilən mehmanxanaya yola davam etdilər. Qaldığımız “Pəlas” da təzəydi. Tarixin xoş təsadüfi bax: onun da bir neçə gün öncə Azərbaycan prezidenti açılışını etmişdi.
Otaq yoldaşım daim sayğı ilə qarşıladığım “Sportsman” idman dərgisinin təsisçisi və baş redaktoru Rəşad Qəmərşahoğlu idi. Əməkdar jurnalistin bu nəşrdə əməyi danılmazdır. Zarafat deyil, 20 il durmadan oxucularladır. Ölkədə çox idman jurnalı işıq üzü görüb, amma bu günəcən “Sportsman” kimi ayaqda qalanı olmayıb. Məncə, idman mediası yenidən bir araya gəlməli və yeni öndərini seçməlidir. Azərbaycan idman jurnalistləri ictimai birliyinə ondan yaxşı rəhbər olamaz. Onun təşkilatçılıq, marketinq bacarığı və xarici əlaqələri AİJİB-ə yenidən həyat verə bilər. İşbilməzlər isə, çoxdan təyin edilmiş yerlərini bacaranlara təhvil verməlidirlər.
Şam yeməyindən öncə otelin həyətindən şəhərin ətrafını seyt etdik. Önümüzdə Xankəndi stadionu, arxamızda dikdə şəhər icra hakimiyyətinin binası dayanırdı.
Ertəsi gün səhər yeməyindən sonra Şuşaya səmt aldıq. Bir az tez çıxdıq ki, yarışın açılışına qədər şəhərə gəzə bilək. Sport24.az saytının baş redaktoru Ceyhun Əliyev deyirdi ki, sonuncu dəfə Şuşada 1988-ci ildə olub. Çox sevinirdi. 40 il öncə Cıdır düzündə böyrü üstə dirsəkləndiyi görünüşü bu dəfə eyni məkanda əzəmətli qayaların qoynunda canlandırdı. Hardansa itburnu dərmişdi, fərəhlə bizə göstərirdi. Böyürtkəndən dadıb-dadmadığını bilmədim, buna çox çalışırdı. Bəlliydi ki, şəhərin hər qarışı, meyvəsi ona çox şirin gəlir. İsa bulağından bal aldı. Əmin olanda xalis yerli məhsuldur, gözünü qırpmadan 50 manatı verdi. Cibində yarım-litlik plastik butulka vardı: bulaq suyundan evə aparırdı.
Şuşa qalasını, 1848-ci ildə Çar Rusiyası dövründə inşa olunmuş məşhur həbsxananı da gəzdik. Bir neçə yerdə şəkillərimi həmin təcrübəli həmkarım çəkdi. Gəzdiyim yerlər o qədər ovqatlı və valehediciydi ki, hələm-hələm ayrılmaq istəmirdim. Elə oldu, Vaqifin məqbərəsini qrupdan bir qədər gec ziyarət etdim. Özümü çatdırıb xatirə şəkili çəkdirmək istəyəndə, bu niyyətimi bilən azerisport.com-un əməkdaşı Ruslan Mikayıllı, bir neçə dəfə Ceyhun Əliyevə “onu çəkmə” dediyini eşitdim. Bilmirəm, onun böyük şairimizlə nə ədavəti vardı. Xeyli müddət yurd dışındaydı, təzə dönüb. Kim bilir, orda nə təlimatlar alıb.
Sürücü ordan bizi “Şuşa” mehmanxanasına gətirdi. Yarışın açılışına bir az vardı. Zöhr namazını qıldım, əsri saxladım. Niyyətim vardı. Təbii ki, Allah bütün xoş niyyətləri həyata keçirəndir. Tədbirə gəlincə, yüksək səviyyədə baş tutdu. AŞF-nin prezidenti ayaqüstü müsahibəsində bütün qaranlıq məsələlərə aydınlıq gətirdi. Sağ olsun, həmkarımız Sənan Şəfizadə hər şəraiti yaratdı. O bu səfərdə də media qrupunun rəhbəri idi. Onunla hər yolçuluq maraqlı olur. Əbəs yerə həmkarlar demirlər ki, “Torres” olan yerdə darıxmağa dəyməz. Bəli, “Qarabağ”ın ev oyunlarında səsinə öyrəşdiyimiz Sənan Şəfizadə hamımızın can-ciyəri sayılır.
Brifinqdən sonra bir qədər vaxtımız qaldı. Yerli sakinlərdən soraqlaşa-soraqlaşa Yuxarı Gövhər ağa məscidə yetişdim. Məbəd – mərkəzi küçələrdən birində yerləşirdi. Tələsik getdiyim üçün, açığı, adını unutdum. Amma fürsət düşdükcə, ətrafı seyr edir, quruculuqla tanış olurdum. Belə anladım ki, dağılmış evlər arxa planda qalır, yolun yaxın kandarların önü 2-3 mərtəbəli mehmanxana və yaşayış binaları üçün nəzərdə tutulur.
Gəldiyimiz gün Xankəndidə hava günəşli idi. Ertəsi Şuşada çiskinli hava ilə qarşılaşdıq. Əbəs yerə deyilməyib: dağlarda duman gözəldir! Əsr namazını qılıb təmiz hava uda-uda iti addımlarla geriyə addımladım. Bəxtimdən yolda sərnişin nəqliyyatına rast gəldim. Bu avtobuslar elektriklə qidalanır. Sürücü düz “Şuşa”nın yanında saxladı. Vaxta qalmışdı. Kimsə söhbət edir, kimsə də bir küncdə çalışırdı. Mən də tez bilgiyazarı açıb sayta bir neçə xəbər yerləşdirdim. Az sonra Sənan Şəfizadə gəlib dedi ki, artıq qayıtmaq zamanıdır. Ayrılmaq istəməsəm də, ürəyimdə “hələlik, yenə qismət olsa” dedim. Allah qoysa. Sağ olsun, qəhrəman ordumuz! Bizə belə bir sevinci yaşatdı – kiməsə ilk dəfə, kiməsə yenidən müqəddəs torpağı görməyi nəsib etdi. Dünyasını dəyişən şəhidlərimizə də Tanrıdan rəhmət diləyirəm. Müalicə alanlara, Allah şəfa versin. Hər birinin üzərimizdə əməyi var…