İraq ağırlıqqaldıranları təlim-məşq üçün yenə Odlar yurdunu seçib
4 oktyabr 2018 / 18:51 Baxış sayı: 1072 İraqın ağırlıqqaldırma yığması AAAF-in mərkəzi məşq bazası olan AAAF park yaşayış kompleksində təlim-məşq toplanışına başlayıb. Qonaqlar ən azı, 2 həftə ölkəmizdə qalmağı planlaşdırırlar.
Bakıya yığma komandanın əsas heyət üzvləri ilə gələn iraqlılar, qarşıdakı qitə və dünya səviyyəli yarışlara intensiv məşqlərlə daha yaxşı hazırlıq keçmək niyyətindədirlər. Bunun üçün yaradılan şərait gərəkən planı həyata keçirməyə imkan verir. Bunu İraq millisinin məşqçilər heyəti də təsdiqləyib. Qeyd olunub ki, burada məşq, qidalanma, bərpa və istirahət üçün bütün infrastruktur qurulub, heç bir problem yoxdur.
Bu, İraq millisinin ölkəmizdəki sayca ikinci toplanışıdır. Buna qədər, müxtəlif vaxtlarda Səudiyyə Ərəbistanı, Oman, Misir və Mərakeş yığma komandaları da təlim-məşq toplanışı üçün Azərbaycanı seçmişdilər.