- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 127
- Noyabr 28, 2024
- 0
Elxan Məmmədov futbolu düşünməyə başlayıb? 12 il vəzifədə olandan, bu sahəni xarabazara çevirəndən, hər cür dəlləklik edəndən sonra ayılıb? Və anlayıb ki, futbolda qohum-qardaşı, dost tanışı, marketinq-makler kadrlarıyla yanaşı, futbol adamları da işləməlidi? İnanmayın. Sadəcə, quyruq qapı arasında qalıb, ona görə də son günlər əl-ayaqdadı. Əslində, əvvəldən belə olmasının vacibliyini anlayırdı, amma yalnız indi buna ehtiyac duyur. Nazim Süleymanovun başçılıq etdiyi veteranların baş qaldırması, mətbuatın təzyiqlərinin artması, müxtəlif narahat, maraqlı qüvvələrin ortaya çıxmasından sonra AFFA-nın baş katibi manevr etməyə başlayıb. Taxtının laxladığını, faktiki rəhbəri olduğu futbol hakimiyyətindən qovulacağı günün yaxınlaşdığını hiss edir, vəzifədən ikiəlli yapışmaq üçün görüntü yaratmağa çalışır.
Milli komandaların biabırçı nəticələrinin Məmmədovu sıxdığı günlərdə o, görüntü yaratmaq üçün futbol adamlarını ətrafına toplamağa cəhd edir. Narazı qüvvələri, söz sahibi olanları işlə təmin etmək və ya başlarını qatmaq üçün katib, ciddi fəaliyyətə başlayıb. Bir neçə futbol veteranının irəli çəkilməsi, hətta Zaur Ramazanovla Emin Quliyevin yada salınması təsadüfi deyil. Hazırda daha bir neçə futbol adamıyla danışıqlar gedir, nüfuzlu narazıların “səsinin kəsilməsi” üçün hər şey edilir. Yaxın günlərdə daha bir neçə təyinatın açıqlanması mümkündü. Hələlik ən son xəbər Yunis Hüseynovla bağlıdı. “Kəpəz”in sabiq baş məşqçisi AFFA-nın texniki direktorunun müavini təyin olunub. O, 10 ildən çoxdu sərvət qazanıb, ciddi iş görməyən, gününü keçirən almaniyalı həmkarı Bernard Lippertlə birgə çalışacaq.
Təəssüf ki, Hüseynov əksər veteranlar kimi, oyuna salındığının fərqində deyil, 3-5 manata görə hər təklifə razılıq verənlərdəndi. Yunis bəyə ehtiyac olsaydı, illərdi işsiz qalmaz, hansısa sahədə fəaliyyət göstərərdi. Ona məhz indi ehtiyac duyulması, narazılığı bitsin deyə xüsusi post yaradılması təsadüfi deyil. Yəqin ki, özü də işinin nədən ibarət olacağını bilmir, sadəcə, 3 min manatlıq maaşa görə katibin qanadı altına girməyə razılıq verib. 300 min avroluq müqaviləsi olan Lippertin yanında dilənçi kimi görünəcək Hüseynova həqiqətən ehtiyac var idisə, onu birbaşa texniki direktor təyin etmək lazım idi. Çünki almaniyalı onsuz da hər hansı işiylə seçilmir, onun etdiklərinin öhdəsindən Hüseynov da gələ bilər. Amma Yunis bəyi müavinə ehtiyacı olmayan adama köməkçi təyin etməklə yamaq vurdular. Çünki bu vəzifə iş görmək üçün yox, daha bir veteranın susdurulması üçündü.
Hüseynovun açıqlamasına diqqət edin: “Artıq dünəndən rəsmi fəaliyyətə başlamışam. Çox sağ olsun, Rövnəq müəllim, Elxan müəlilim, mənə etimad göstərdilər. Onların inamını artıqlaması ilə doğrultmaq üçün əlimdən gələni edəcəm. Bilirsiz ki, heç vaxt Azərbaycan milli komandasında işləməmişəm. Bu istiqamətdə ilk fəaliyyətim olacaq. İnşallah, bacardığım qədər faydalı olmağa çalışacam. Fəaliyyət çərçivəm əsas milliyə qədər olan yığmaları əhatə edəcək”.
Bu açıqlamada işin mahiyyətindən, fəaliyyətin hansı prinsplərə əsaslanacağından bir kəlmə varmı? Ola da bilməz, çünki Hüceynov nə iş görəcəyini özü də bilmir, maaşını alıb, susacaq, futboldakı dəyişiklik dönəmində onun narazılığı gözə dəyməyəcək. Məmmədov 12 ildi monopoliyasını bu cür idarə edir. Sular durulan kimi yenə “məcburən sevdiklərini” dənləyəcək, “işi bacarmadılar” damğası ilə yola salacaq. Lakin bu dəfə çətin ki, planı baş tutsun. Çünki hamı ayılıb və əsl dənlənməli adamın elə Məmmədov olduğu kora da bəllidir (Futbolinfo.az).