- Baxış sayı: 95
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
9-18 avqustda Türkiyənin Konya şəhərində keçirilmiş 5-ci İslam həmrəyliyi oyunlarında medal qazanan bir qrup idmançı bu gün gənclər və idman nazirliyinin önündə etiraz edib. Allsport.az saytının əldə etdiyi məlumata görə, səbəb, GİN-in oktyabrın 24-də elan etdiyi qərarda idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Yeniliyə əsasən, onlar üçün nəzərdə tutulan mükafatın 40 faizi 2022-ci ildə, 30 faizi 2023-cü ilin 4-cü rübündə; qalan 30 faizi 2024-cü ilin 4-cü rübündə ödəniləcək. Fərqlənən atletlər şəxsi ehtiyaclarını əsas gətirərək, buna qarşı çıxıblar və mükafatların öncədən nəzərdə tutulduğu kimi, birdən tam ödənilməsini tələb edirlər. Öncələr, mərhum nazir Azad Rəhimovun dönəmində daim belə olub. Mütəxəssislər, yeni qərarın olimpiya tsiklindən sonra məqbul və uyğun sayırlar. İndiki halda isə, İslam oyunlarından qabaq belə bir bildiriş olmayıb.
Nazir müavini Mariana Vasileva durumun gərgin olduğunu görüb aradan çıxıb. Zatən bolqar məmur türk (Azərbaycan) dilində səlis danışa bilmir. Belədə o, ölkənin adlı-sanlı idmançılarına nəyi izah edəcəkdi? Nazir Fərid Qayıbov Türkiyədə işgüzar səfərdə olduğundan, etirazçıları idman şöbəsinin müdiri Elnur Məmmədov qəbul edib. İki saata yaxın söhbətdə 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev (sərbəst güləş), 2-qat dünya və 2-qat qitə çempionu Eldəniz Əzizli (yunan-Roma güləşi), dünya və Avropa çempionatlarının bürünc medalçısı Fəridə Əzizova, Rio-2016-nın və qitə çempionatlarının mükafatçısı Patimat Abakarova (hər ikisi – taekvondo) və müxtəlif döyüş kəmərlərinin sahibi Ramal Aslanov (kikboks) iştirak ediblər. Onlar İslam oyunlarında fərqlənən bütün idmançıların sözünü nazirliyə çatdırıblar.
Xatırladaq ki, prezident İlham Əliyev “Türkiyənin Konya şəhərində keçirilən V İslam həmrəyliyi oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığında iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında” sərəncam verib. 24 avqustda imzalanan qərara əsasən, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan gənclər və idman nazirliyinə 10 milyon manat vəsait ayrılıb. Nazirlik nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etməli və hər bir idmançı üçün ayrılmış vəsaitin həmin sərəncamda nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir. Maliyyə nazirliyinə burada göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Göründüyü kimi, sərəncamdan 2 ay keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb. İndu bu istiqamətdə addım atılsa da, bu, etirazla qarşılanıb.