- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Kamran Hacı | kamran-haji@mail.ru
Bəs olmasalar razı onu bölməyə
2-ci sinifdə bizə maraqlı bir şeir öyrətmişdilər. Abbas Səhhətin «Ayı və şir»ini. Orada söhbət bu iki yırtıcının əlbir olub, dovşanı tədbir ilə ovlamasından gedir. Amma tamah sonda onlara güc gəlir və hər ikisi bir-biri ilə didişir. Hər ikisi yorulub əldən düşürlər. Tülkü uzaqdan bu halı görüb, gəlib ovu rahatca götürür. İndi bizim olmayan futbolda gedən hadisələr bir növ ona bənzəyir. Obrazlı desəm, şeir qəhrəmanları elə AFFA-da əyləşiblər. Məncə, oxucularımızın onları tanıması elə də çətin bir şey deyil – indi kosmos əsridir axı. Hamı hər şeyi yaxşı bilir, görür, eşidir, oxuyur, məlumatlanır. Cürbəcür oyunlarla futbolu bazara çevirən işbazlar azarkeşləri futboldan küsdürublər. İndi həmin insanlar nə qədər çalışırlar, tamaşaçıları stadiona gətizdirə bilmirlər və boşuna gileylənirlər.
Hər mövsüm bitən kimi, söz-söhbətlər başlayır. Təbii, ötən çempionat da istisna olmadı. Bildirki rəqabətdə «Bakı»nı dar ayaqda qoydular, bu dəfə də «Xəzər Lənkəran»ı. Paytaxtda ən böyük bazası olan komanda bir ildir böyük futbolda yoxdur. Deyilənə görə, Hafiz Məmmədovun mirasını ələ keçirmək üstündə baş katib xeyli baş sındırıb. Elə indi də hər vəchlə çalışır ki, 51 yaşlı iş adamı onu dəyər-dəyməzinə AFFA-nın, futbolumuzun sədri-əzəminin balansına keçirsin. Deyəsən, yavaş-yavaş proses Elxan Məmmədovun istədiyi məcraya gedir. İndi “Bakı” heç 1-ci divizionda yoxdur, 2 dəfə ölkə çempionu, 3 dəfə Azərbaycan kubokuna sahib olan komanda artıq tarixin yaddaşına köçüb.
Biganəlik Hafiz Məmmədov o qədər təsir edib ki, kişi bu məsələ ilə bağlı yaxın günlərdə dilə gəlib deyib: «Uzun illərdir futboldayam və gücüm daxilində bu sahənin inkişafına çalışmışam. İndi vəziyyət belə gətirib, görürəm ki, bəzi şəxslərin bizə kömək etmək fikri yoxdur. Halbuki həmişə onlara dəstək olmuşam. AFFA və PFL-də bir-iki vəzifəli şəxs var, onlar gərək “Bakı”nın qarşısına şərt qoymasın. FİFA-nın maliyyə sanksiyasını götürmək üzərində iş gedir. Bu problem həll olunacaq. “Bakı”dan bank zəmanəti istəyirlər. Məgər onlar məni tanımır? Bilmirlər ki, Premyer Liqanın rəsmi titul sponsoru olan “Topaz”ın səhmlər paketinin bir hissəsi mənə məxsusdur? “Topaz” Peşəkar Futbol Liqasıyla iş görür, elə isə “Bakı”dan bank zəmanəti istəmək hansı məntiqə sığır?
AFFA və PFL vəziyyəti bildiyi üçün, özləri bizə köməklik təklif etməlidir. Mən onlardan bunu gözləyirdim. Burda bəziləri bizi borclu çıxarmaq istəyir. Onlara borcum yoxdur. Əksinə, onların mənə borcu var».
Deyilənə förə, Elxan Məmmədov zamanında Tofiq Bəhramov adına Respublika stadionunun qazonuna da göz qoymuşdu. Onda rəhmətlik direktor Akif Əliyev himnimizin qənimini yerində oturtmuşdu.
Bəli, indi də «şimalımız»dan sonra «cənubumuz» da topsuz qalıb, «qərbimiz»in yaraları bu münasibətlə sağalmaq istəmir. İtirə-itirə gedirik, hələ nə qədər də gedəyəcimiz bilinmir. Artıq Premyer liqa 8 klubla keçirilir. Hələ ki, sakitçilikdir. Komanda qalıb bəyəm? 1992-ci ildə başlayanda, onların sayı 26 idi. Çoxluqdan çempionatın güclülər dəstəsi 2 qrupa bölünmüşdü. Həmin halal rəqabətdə – yeganə doğru-dürüst keçirilən yarışda qalib adını «Neftçi» qazandı. «Bayraqdar»dan söz düşmüşkən, PFL-in rəhbəri Ramin Musayev «ağ-qaralar»ın vitse-prezidenti işlədyi dövrdə hakimlərdən ən çox narazı qalan futbol adamı idi – hirslənəndə şirə dönürdü. Məhs onun təşəbbüsü ilə «flaqman»ın həlledici oyunlarına ölkə dışından yabançı hakimlər dəvət olunurdu. Bəs indi nə oldu? Əcaba, PFL rəhbəri olandan sonra, referilərimizi peyğəmbər balalarına çevrildilər? Yoxsa, AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədov məlum qalmaqallı hadisədən – «qatar videogeyti»ndən sonra bir də rüşvət almayacağı barədə tövbə edib? Balunun («Mauqli»nin ustadı) qulağına səs dəyib: Orda da top əli tapıb. Hər şey aydındır.
Sözsüz ki, hər işin başında dayanan futbolumuzun sədri-əzəmidir. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Fransanın xarici işlər naziri Taleyranın əksər gedişlərini onda görmək olur. Elxan Məmmədov lider olmağa can atmır. Onu idarə etməyə, kölgədə dayanıb məsuliyyəti rəhbərin üzərində qoyur. Hər zaman hiyləgər, tədbirli və uzaqgörəndir.
Kobud və təkəbbürlü Berti Foqtsu bizə calayan baş katib, indi də qorxacaq Robert Prosineçkini millimizə urcaq edib. Məşhur Azərbaycan şairi İmadəddin Nəsiminin «Ağrımaz» qəzəlində bir misra var: «Zahidin bir barmağın kəssən, dönüb Həqqdən qaçar; Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz». Rəvayətə görə, şair bunu öz edamı zamanı söyləyib. Apreldə Qarabağ cəbhəsində düşmənlə 4-günlük savaşda, xorvatiyalı mütəxəssis ailəsini də götürüb xəlvətcə vətəninə qaçmışdı. Onun Balkanlara əkilməsini avropalı həmkarlarımızdan bildik. Kişi açıqlamasında bu hərbdən çox qorxduqlarını etiraf etmişdi. Mənə bir şey maraqlıdır, Xorvatiya müharibə görməyibmi? 90-cı illərdə Yuqoslaviyanın dağılması ilə bu ittifaqa daxil olan dövlətlər bir-birlərinə girişdilər, diddilər, dağıtdılar, axırda da yorulub dayandılar. Prosineçkinin həmyerliləri həm Serbiya, həm də Bosniya və Hersoqovina ilə savaşırdı. Yəqin o zaman bizim indiki «başbilənmiz» orda olub, ya da olmayıb – Azərbaycanda olduğu kimi, o zaman da sürüşüb aradan çıxıb?
Elxan Məmmədovun xarici siyasətdə növbəti faciəsi FİFA prezidentliyi seçimində olub. Onun məsləhəti ilə AFFA italiyalı namizəd Canni İnfantinoya etimad göstərdi. Yekunda, o da dünya futbolunun başqanı seçildi. İtaliyalı Elxan üçün canlara dəyən oğlan olmadı. Məhz onun prezidentlik dövründə, cari Avrokubokların gedişində ölkəmizə qarşı ardıcıl təxribat edildi: Bakıda, Mərdəkanda olan «Kəpəz» klubunun rəqibi Moldova «Daçiya»sı, rəsmi klub saytında məşq etdiyi məkanı erməni əsilli olduğunu göstərdi; Gəncə təmsilçisinin digər opponenti Avstriya «Admira»sı komanda portalında Azərbaycan ərazisini Naxçıvansız göstərdi. Bu az imiş kimi, «Qarabağ»ın Çempionlar Liqasının 3-cü seçməsində tərəf-müqabili, çex «Viktoriya»sı, Azərbaycan klubunu qondarma «Dağlıq Qarabağ Respublikası»nın təmsilçisi olduğunu bildirib. Adı ilk çəkilən komandamız birbaşa Məmmədova bağlıdır.
2 klubumuz – «Qarabağ » və «Qələbə» cari mövsüm də Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Artıq bu uğura özünü şərik qoşmaq istəyənlərin sayı artır. Rövnəq Abdullyev affa.az-a açıqlamasında dolayısı ilə qeyd edib ki, AFFA futbolun inkişafı yönündə düzgün yol seçdiyinə üçün, “Qarabağ”la “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə düşüb.
AFFA yanında Media Komitəsinin təşəbbüskarı olan himnimizin qənimi, indi də məzlum mətbuata cüzi pay-pürüş bağışlayaraq, onun onsuz da bağlı dilini içəridən bir az da burub. Bəli, buna ya yırtıcı kapitalizm, ya da Elxan avtokratiyasının istibdad diktaturası deyirlər – quldarlar və feodallar dünyasında ehtiyacın insanların necə əzdiyi, kütləşdirdiyi, hər cinayətə sövq edə biləcəyi fikri belə ifadə olunur: «Ehtiyac ən böyük bədbəxtlik, əsl müsibətdir, insanı həyasızlaşdırır, insafı və mürvətini əlindən alır, qüvvət və iradəsini zəiflədir» («Kəlilə və Dimnə»).
Əldə etdiyim bilgiyə görə, o, artıq sözdaşıyanı Mikayıl Nərimanoğlu vasitəsi ilə jurnalistlərin arasını vurmağa, həmkarlarımızı çətin vəziyyətdə qoymağa başlayıb. Kim ki, baş katibdən tənqid yazdı, onu MK-nın üstünə ünvanlayır. Mənə bir şey qaranlıq qalır: buna MK neyləsin? (növbəti yazılarımızda mövzu məhz AFFA-nın mətbuat sözçüsündən olacaq, onun məşhur «əmsal tərəzisi» müzakirə ediləcək).
Amma bir məsələ də də var. Bu param–parça abzasaların hökmü də ola bilər: istər hakimiyyətdə, istər pay–pürüşdə, istərsə də başqa məsələlərdə birdən «olmadılar razı onu bölməyə» məsələsi aktuallaşanda nə olacaq.