İsveçli taekvandoçu Nikita Qlasnoviç Avropa Oyunlarına hazırlaşır

Son aylar taekvando üzrə xallar toplayan Nikita Qlasnoviçin növbəti böyük hədəfi “Bakı 2015”dir. Allsport.az xəbər verir ki, 20 yaşlı idmançı Avropa Çempionatında qadınlar arasında Olimpiya kateqoriyası üzrə 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmaqla 2008-ci ildən bəri taekvando sahəsində Avropanın qızıl medalını əldə etmiş ilk İsveç döyüşçüsü oldu.

Qlasnoviç skanskan.se saytına müsahibəsində belə deyib: “Mən özünəinam prinsipi və müəyyən rejim üzrə səylə çalışmışam. Rəqiblərim mənim üçün tamamilə yeni idilər. Mən əvvəllər onların heç biri ilə üzləşməmişdim. Mən bütün diqqətimi sadəcə öz üslubuma yönəltdim”.

Qlasnoviç Rusiyanın Nalçik şəhərində baş tutmuş final oyununda Rusiya təmsilçisi Milana Driamovanı məğlub edib.

Əslən Malmodan olan idmançı 2014-cü ildə keçirilmiş çempionat ilə müqayisədə iki pillə irəliləyərək birincilik əldə edib: “Aydındır ki, mən öz nəticəmi yaxşılaşdırdığım üçün şadam. Qazanılmış uğur məsuliyyəti artırır və özünəinam hissi yaradır. Mən əlavə gərginlik olmadan mübarizə apardım”.

Nalçik şəhərində keçirilmiş yarış yanvardan etibarən ABŞ Açıq Çempionatında, Dubayda, Misirin İsgəndəriyyə və Luksor şəhərlərində, Türkiyədə, Yunanıstanda, İsveçrədə, Bosniya və Herseqovinada, Hollandiyada keçirilən silsilə yarışlarda mübarizə aparmış Qlasnoviç üçün sonuncu sınaq olmuşdu.

“Özümü uzun müddətdir ki, evimdən ayrı düşən kimi hiss edirəm. Yenə də doğma vətəndə olmaqdan çox məmnunam” – deyə Qlasnoviç bildirib.

İsveç idmançısı “Rio 2016” Olimpiya oyunları üçün xallar toplamağa köklənib. O, dünya sıralamasında 200 xala malikdir və öz çəki dərəcəsi üzrə üçüncü yerdədir.

Hazırda Qlasnoviç Malmo şəhərindəki evində istirahət edir. O, Olimpiya təsnifatı üçün bir qədər də xal toplamaq baxımından Bakı 2015 Avropa Oyunlarını fürsət hesab edir.

Həmin kateqoriyadan