İtaliya qəzetində Avropa Oyunlarına hazırlıq işlərindən yazılıb

İtaliyanın “Avvenire” qəzetinin saytında ilk dəfə cari ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib. Yazıda qeyd olunur ki, Xəzərin sahilində yerləşən, küləklər şəhəri adlandırılan Bakıda Avropa Oyunlarına hazırlıq sürətlə davam edir.

Allsport.az xəbər verir ki, digər qitələrin bu formatda yarışları artıq keçirilməkdədir. Avropanın idman tarixində ilk dəfə belə bir hadisənin yaşanması yarışların aktuallığını daha da artırır.

Məqalədə qeyd edilir ki, Avropa Oyunlarına hazırlıq prosesi çərçivəsində Bakıda bir sıra yeni idman obyektləri inşa olunub. Onlardan biri də Su İdmanı Sarayıdır. Burada istənilən beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılıb. Yazıda, “Bakı-2015” ərəfəsində tikilmiş Bakı Olimpiya Stadionu və Atletlər kəndi, yarışı işıqlandıracaq xarici və yerli jurnalistlər üçün yaradılmış şəraitdən də bəhs olunur.

Məqalədə oxucuların diqqətinə çatdırılır ki, mötəbər idman tədbirlərinin keçirilməsi üçün önəmli şəhər sayılan Bakının inkişafına dövlət böyük diqqət göstərir. Belə ki, Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunları ilə yanaşı, 2016-cı ildə Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, futbol üzrə “Avro-2020”nin final mərhələsinin matçları kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.

Həmin kateqoriyadan