- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan yığmasının və “Qəbələ”nin qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Kristianu Ronaldu 2014-cü ilin ən yaxşı futbolçusu seçildi. Bu seçimlə razısınız?
– Xeyr. Məncə, bu mükafatı Manuel Noyer qazanmalı idi. O, həm il ərzində, həm də dünya çempionatında ən yaxşı olduğunu təsdiqlədi. Amma təəssüf ki, bizdə olduğu kimi, xaricdə də qapıçının ən yaxşı seçilməsi ilə hamı razılaşmır.
– Ola bilər ki, bu, bizdə yaxşı qapıçının olmamasından irəli gəlir? Yoxsa, siz Qara Qarayevin ötən ilin ən yaxşısı seçilməsi ilə razılaşmırsınız?
– Bizdə kifayət qədər qapıçı var. Qara isə ötən ilin nəticəsinə görə ən yaxşı adına layiq idi. Mən özüm də ona səs vermişdim. Ötən mövsüm Rəşad Sadıqov, Qara Qarayev, Araz Abdullayev, Səlahət Ağayev üçün yaxşı alındı. Sadıqovu mən ümumiyyətlə, Azərbaycan futbolunun korifeyi hesab edirəm.
– Hətta elə?
– Bəli. O, əla futbolçu, insan və liderdir. Onun yeganə mənfi cəhəti zədəsidir. Azarkeşlər onu 90 dəqiqə meydanda görürlər, amma əslində bu zədəyə görə nə qədər əziyyət çəkdiyini bilmirlər. Əgər onun bu zədəsi olmasaydı, daha böyük uğurlar qazanardı.
– “Qəbələ” turnir cədvəlində altıncıdır…
– Neçənci yerdə olduğumuzu bilmək üçün turnir cədvəlinə baxmağa ehtiyac yoxdur. Əgər nəticə yoxdursa, deməli, nəyisə dəyişmək, daha çox çalışmaq lazımdır. Ona görə də hazırda təlim-məşq toplanışdayıq.
– “Xəzər Lənkəran”…
– Mənim yaralı yerimdir. Komandanın hazırda bu vəziyyətdə olması çox üzücüdür. XL hər mövsüm çempionluğa oynamağa layiqdir. Lənkəran əsl futbol şəhəridir.
– Yenidən nə vaxtsa Lənkərana qayıtmağınız mümkündür?
– Hər şey ola bilər. Amma mən indi bu barədə düşünmək istəmirəm.
– Eddi İsrafilov…
– O kimdir?
– Yığmamızın Messi və Ronaldo ilə bir çempionatda oynayan üzvü…
– Ronaldoya qarşı mən də oynamışam, özü də kifayət qədər yaxşı. Amma ciddi olsaq, yığmaya faydalı olacaqsa, xoş gəlir. Ümid edirəm ki, bundan əvvəlki legionerlərdən daha faydalı olacaq.
– Nə demək istəyirsiniz?
– Yığma komandaya bəzən elə futbolçular gəlir ki, onlar burada özlərini reklam edib, klubları ilə sərfəli müqavilə imzalamaq istəyirlər. Ola bilər bu sözlər kimlər üçünsə sərt görünəcək, amma bu, acı həqiqətdir. Yerli futbolçular legionerlərdən daha çox əziyyət çəkirlər.