Karateçilərimizdən ilk gündə uğurlu çıxış

Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının ilk günündə 3 final görüşünə vəsiqə qazanmaqla ən azı gümüş medalları da təmin etmiş oldular. Allsport.az xəbər verir ki, bir-birinin ardınca Ayxan Mamayev (-84 kq), Rafael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) 4 rəqibini məğlub etməklə ən yüksək mükafatalara layiq olduqlarını sübut etdilər.

A.Mamayev həmçinin finala çıxışda 2014-cü il mayın əvvəlində Finlandiyada Avropa çempionatının startında məğlub olduğu ötən ilki çempion, tanınmış yunan idmançısı Georgios Çanosdan 3:1 hesablı revanş aldı. Zədə üzündən keçən il avropa və dünya çempionatından kənar qalan R.Ağayev Finlandiyada Avropa çempionu olan italiyalı Luici Busaya qalib gəlməklə öz çəki dərəcəsində ən güclü olduğunu bir daha nümayiş etdirdi. N.Əliyev isə ardıcıl ikinci ildir ki, avropa çempionatının finalına çıxmaqla rəqiblərinə meydan oxudu.

Onlardan əlavə Tural Balcanlı kata yarışlarının bürünc medalı uğrunda həlledici döyüşə qədər yüksələ bildi. Onun rəqibi dəfələrlə dünya və avropa çempionatlarının mükafatçısı, fransız Min Duk Vu Dak olacaq. Finalda Niyazi Əliyevi türkiyəli Burak Uyqurla, Rafael Ağayevi alman Noah Bitçlə, Ayaxan Mamayevi isə italiyalı Nello Maestri ilə gərgin döyüş gözləyir.

Qızıl medal görüşləri martın 21-də keçiriləcək. Martın 20-də isə komanda yarışları başlanacaq. Milli komandalarımızdan kişilər Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Ayxan Mamayev, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamovla, qadınlar isə Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretska ilə mübarizəyə qatılacaq. Kişilərdə 22, qadınlarda 26 milli komanda Avropa çempionluğu uğrunda mübarizə aparacaq. Komandalar arasında mükafat görüşləri 22 martda keçiriləcək. Kişilərdən ibarət milli komandamız titulunu qorumaq əzmi ilə tatamiyə çıxacaq.

Həmin kateqoriyadan