Lənkəranda Nazim Hüseynov haqqında “İlk qızıl” filmi nümayiş olub

Milli olimpiya komitəsinin 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Nazim Hüseynov haqqında çəkilmiş “İlk qızıl” filminin Lənkaran şəhərində nümayişi olub. Allsport.az saytı xəbər verir ki, tədbir iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin müavini Mikayıl Cəfərzadə, olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etmək məqsədilə reallaşdırılan bu layihənin əhəmiyyətindən danışıb. O, uşaq, yeniyetmə və gənclər arasında hər bir yaş kateqoriyasına uyğun idmanın təbliğini aparmaq, onların cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək üçün belə tədbirlərin vacibliyini qeyd edib.

Bu layihə sayəsində cəmiyyətin məhz bu zümrəsi Azərbaycanın qəhrəmanlarını tanımaq imkanı əldə edirlər. Son illər bütün dünyada gənclər arasında zərərli vərdişlərin artması da ciddi narahatlıq doğurur. Sağlam həyat tərzini təbliğ edən insanalrın həyat hekayələrini dinləmək yeniyetmə və gənclər üçün fərqli bir təcrübədir. MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə Lənkəran Rayon İcra Hakimiyyətinin müavini Mikayıl Cəfərzadəyə təqdim olunduqdan sonra, Barselona-1992-də cüdo üzrə olimpiya çempionu Nazim Hüseynova həsr olunan “İlk qızıl” filmi izlənilib.

Tədbir zamanı Olimpiya çempionu Nazim Hüseynov görüş iştirakçılarınn suallarını cavablandırıb. Lənkəran Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi, Bərdə, Oğuz və Sumqayıtda da baş tutacaq. Ölkəmizin bölgələrində baş tutan layihə milli olimpiya komitəsinin, milli olimpiya akademiyasının və Azərbaycan idman könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Həmin kateqoriyadan