- Baxış sayı: 26
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
Milli komandamız bu gün növbəti matçına çıxır. Allsport.az saytı xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə oyun bir çox məsələlərə aydınlıq gətirəcək. Əvvəlki 3 oyunda xala həsrət millimizin növbəti məğlubiyyəti futbol təsərrüfatındakı böyük təlatümlərin start nöqtəsi ola bilər. Böyük əksəriyyət, bəlkə də hamı məğlubiyyət, hətta darmadağın gözləyir. Millinin buna qədərki ev oyunlarında AFFA rəhbərliyini istefaya səsləyən azarkeşlər də eyni əhvaldadır. Çox güman, Uels səfərindən sonra qonaq edəcəyimiz xorvatların gözü qarşısında yenə qurum rəsmiləri, baş məşqçi istefaya səslənəcək. Və belə kritik məqamda AFFA-dakı dəyişikliklərdə maraqlı olanlar, iddiasını ortaya qoyanlar səhnəyə çıxmağa başlayır. Həmişə mətbuatdan qaçan Orxan Məmmədovun millinin kritik oyunlarından öncə danışmağa razılıq verməsi təsadüf ola bilməz. “Zirə”nin fəxri prezidenti açıq oyuna qoşulur, “mən də varam” mesajı verir. Bəri başdan qeyd edək ki, Məmmədovun qol.az-a müsahibəsi indiki AFFA rəhbərliyinə alternativ qüvvələrin özünü büruzə verməyə başlaması baxımından əladır. Futbolda inhisarçılıqyaradanlar 10-12 il ərzində hər şeyi məhv edib və getmək vaxtları çoxdan çatıb. Onların sayəsində böyük futbolçu nəsli itirilib, ənənələr qırılıb, futbol bölgələrimizdə “çeşmələr quruyub”.
Baş katib Elxan Məmmədovun əsas rolda olduğu bu hakimiyyət mütləq yerini mütərəqqi qüvvələrə verməlidir. Həmin adam Orxan Məmmədovdumu? Elə düşünürdüm. Bu müsahibəni oxuyana kimi “Zirə”nin fəxri prezidentinin böyük intellekt yiyəsi olduğunu, futbolda lider-rəhbərə çevriləcəyini, önəmli işlər görəcəyini zənn edirdim. Şəxsi tanışlığımız yoxdu, lakin təəssüratım beləydi. Orxan bəy bir müsahibəylə həm öz potensialını açdı, həm də zamanı düzgün seçməməklə niyyətinin təmiz olmadığını göstərdi. Yıxılana balta çalmaq, fürsətdən yararlanmaq yox, uzunmüddətli əməli fəaliyyətlə bacarığı sübut etmək, daha yaxşısına nail olacağını işində isbatlamaq lazımdı. Amma kiçik və orta biznesin inkişafı agentliyinin idarə heyətinin sədri olan Orxan bəy futbolla bağlı düşüncələrində kreativ deyil. Fikir dərinliyi yoxdu, həvəskar yanaşması var – hətta üzə çıxmasındansa, kölgədə qalması daha yaxşı olardı.
Əvvəla, Orxan bəyin həddindən artıq “mən” deməsi xoş deyil. Bu, özündənrazılığın, hökm sahibi olduğunu göstərməyin nümunəsidi. İndiki vəzifə adamları bacarıqları hesabına yüksəlməklə kiminsə oğlu, qardaşı, kürəkəni və s. olmaqla irəli getməni qarışdırırlar. Bəlkə də Məmmədov həqiqətən bacarıqlı, xüsusi istedadı olan biridir, lakin müsahibəsində diplomatiya, sabah önəmli postun etibar edilməsi riskini sığortalayacaq əminlik görmədik. Orta səviyyəli məmur danışığıdı və futbol idarəçiliyi ilə bağlı dedikləri həvəskar düşüncənin elementləridir. “Mənim yaxın dostlarım münasibətlərimizə və xahişlərimizə görə “Zirə”yə sponsorluq edirlər” – bu yalanı deyən o qədər adam görmüşük ki… Hələ klubun Zirədə məskunlaşma səbəbi: “Çünki bizim sponsorlarımızdan birinin rəhbərinin, həm də mənim yaxın dostum olan şəxsin kökü Zirə qəsəbəsindəndir. Həmçinin orda müəyyən infrastruktur, stadion var. İstədik ki, ora töhfə verək. Məhz bu məqsədlə Zirəni seçdik”.
Futbolinfo.az bu qeydi boşuna etməyim, çünki müsahibənin sonunda Məmmədov özü-özünü təkzib edir. Primitiv açıqlamalar, illərdi söylənən fikirlərin çeynənməsi hansısa məqamda onu da dolaşdırır. Çünki dedikləri öz beyin məhsulu deyil, beyninə yazılmış arxiv materiallarından hissəciklərdi, doğru nizamlanmayıb. Əksər klublarımız kimi xahiş-minnətlə yaradılan “Zirə”. Uzunmüddətli steategiya, plan yoxdur. Sabah dostlar “yox” desə, “Zirə”nin də aqibəti dağılan klublar kimi bəlli olacaq. Məmmədovun klub strategiyası da onun sistemli işi yox, bu günü, qısamüddətli uğuru düşündüyünü göstərir. Klub akademiyasından, infrastrukturdan, inkişafdan danışmaq, bunu reallaşdırmaq yollarını göstərməkdənsə avrokuboklara vəsiqədən bəhs edir. Mövsüm ərzində 4-5 milyon manatı ona görə xərcləyir ki, sonda qitə yarışlarına gedib bunun 10-15 faizini büdcəyə qaytarsınlar.
“Uşaq futbolu Azərbaycan futbolunun yaralı yeridir. Şəxsən “Zirə”də uşaq futboluna istədiyim qədər diqqət ayıra bilmirik. Bu, əlbəttə ki, büdcə ilə bağlıdır. Bütün klubların problemi budur. Mətbuatda oxuduqlarıma əsasən, deyə bilərəm ki, kimlərsə klubları günahlandırırlar. Deyirlər ki, akademiyalar yaxşı işləmir, milli komanda üçün futbolçu yetişdirə bilmirlər, bu tamamilə yanlış fikirlərdir. Bu gün 1-2 komandadan başqa Azərbaycan çempionatındakı digər komandalar yaşamaq uğrunda mübarizə aparırlar. Biz bunu açıq şəkildə qəbul etməliyik. Hər il “Zirə” futbol klubu olaraq, büdcəmiz haqqında fikirləşirik. Elə vaxt olub ki, hətta Premyer Liqada çıxış edib-etməyəcəyimiz barəsində düşünmüşük. Bu, nəinki bizim, bütün klubların problemidir. Hər il biz hansısa komandanın çöküşünü görürük. Necə ki, bu il də belə hallar baş verir. Hesab edirəm ki, komandalar yaşamaq uğrunda mübarizə apararkən heç vaxt akademiya və uşaq futbolu haqqında fikirləşə bilməzlər”.
Məmmədovun ikibaşlı ismarıcları lazımi yerlərə çatdı. Lakin Orxan bəyi həqiqətən uşaq futbolu düşündürsəydi, bunun həlli bir o qədər çətin deyil. İl ərzində 10-15 legioneri gətirib, onların yarıdan çoxunu geri qaytarmaqdansa, daha dəqiq işləmək lazımdı. O zaman əcnəbilər daha az gətirilər və 2-3 gəlmənin illik maaşı ilə akademiyanı yüksək səviyyədə inkişaf etdirmək olar. Bunun üçün səriştə və istək lazımdı. Rekordlardan, özünütərifdən, peşəkarlıqdan o qədər bəhs edir ki, bir anlıq xəyalən Avropa qruplarına baş vurursan. “Zirə”nin ikinciliyi, avrokuboka vəsiqə qazanması zəifləmiş, bərbad çempionatın fəsadlarıdı. Rəqabətli yarışda Orxan bəy kimi sıradan idarəçinin komandası əbədi autsayder olardı. Bir də ki, lisenziyalaşdırma oyunları ilə divizionda çempion olmadan Premyer Liqaya vəsiqə qazanan klub bu qədər öyünməməlidi. “Zirə” kimi komandaların ikincilik, hətta çempionluq arzulaması çempionatda normaldı. Kim qalıb ki… Nəvaxtsa “Simurq”un, AZAL-n çempionluq, liderlik iddiasını eşitsəydik, gülərdik. Yeni klubların iddiası belə olmamalıdır. Vəsait mənasız legionerlərdənsə qeyd olunan infrastruktura, gələcək vəd edən planlı işlərə sərf edilməlidi. Ölkə futbolunda prezident vəzifələri o qədər nüfuzdan salınıb ki, bu barədə danışılmasa, yaxşıdı.