- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Birinci Avropa Oyunlarının alovu bu gün, mayın 31-də Sumqayıt şəhərinə və Xızı rayonuna səyahət edib. Allsport.az xəbər verir ki, məşəl karvanı əvvəlcə ölkəmizin üçüncü ən böyük şəhəri olan, 333 min əhalinin yaşadığı Sumqayıtda oldu. Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik sahili boyunca düzənlik sahədə yerləşən Sumqayıt tək iri sənaye mərkəzi deyil, həm də Azərbaycanın sosial-mədəni həyatında əhəmiyyətli rol oynayır.
3,15 km-lik məşəl estafetini fəal gənclərdən Elvin Dadaşov Heydər Əliyev prospektində ümummilli liderin heykəli önündə başladı. Daha sonra Lermontov küçəsi və Heydər Əliyev prospekti ilə davam etdi. Estafet boyunca Səkinə Sadıqova, Murad Kərimov, Natiq Qurbanlı, Ramiz Hüseynov, Elmar Xəlilov, Fuad Əlizadə, Namis Şirməmmədov və Sehri Babayev alovu bir-birinə ötürdülər. Sülh prospektində müəllifləri Sumqayıt şəhərinin rəssamı Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyev olan “Sülh göyərçini” abidəsi önündə estafet iştirakçıları ayaq saxladılar. 1978-ci ildə dənizkənarı parkda ucaldılmış abidə uçmağa hazırlaşan göyərçini əks etdirir. Sülh göyərçini şəhərin rəmzlərindən biridir və onun gerbində də yer alıb. Abidənin Bakı 2015, ümumiyyətlə, idmançı ruhu ilə həmahəngliyi çəkilən şəkillər və videoçəkilişin süjet xəttində də əksini tapdı.
Estafet Səməd Vurğun küçəsi ilə davam edib Azərbaycan prospektində tamamlandı. Yürüşün son iştirakçısı kimi şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, gənclərin dünya və Avropa çempionu Zeynəb Məmmədyarova məşəllə Bayraq meydanında qurulmuş səhnə qarşısına gəldi. Sürəkli alqış sədalarının müşayiəti ilə Zeynəb səhnəyə qalxaraq çırağı alovlandırdı.
Bakı 2015-in alovunun əldə olunması mərasimi və Birinci Avropa Oyunlarına həsr olunmuş reklam çırxı nümayiş etdirildi. 11-ci sinif şagirdi İnarə Məmmədova Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı şəhər ictimaiyyətinə təqdim etdi. Təntənəli mərasim səmaya şarların və Sumqayıtın da rəmzi olan sülh göyərçinlərinin buraxılması ilə başa çatdı.
Məşəl estafetin iştirakçısı olmuş Azərbaycan qadınlardan ibarət milli şahmat komandasının kapitanı Zeynəb Məmmədyarova təəssüratlarını dilə gətirdi: “Hər bir azərbaycanlı və bu ölkənin vətəndaşı kimi, mən də belə bir möhtəşəm idman bayramının Vətənimizdə keçirilməsinə sevinirəm. İdmançılarımız geniş miqyaslı və yüksək səviyyəli yarışlarda yalnız ölkə xaricində iştirak ediblər. Üstəlik də, belə bir xoşbəxtlik hər bir idmançıya nəsib olmur. Biz isə nəinki belə bir tədbirin, onun mərasimlərinin iştirakçısıyıq, həm də bu Oyunları doğma ölkəmizdə izləmək imkanı əldə etmişik. Çox xoşbəxtəm ki, indi qitə üçün belə bir möhtəşəm tədbir başlanğıcını, bütün standartlarını Azərbaycanımızdan götürəcək; başqa məmləkətlərin idmançıları öz bayraqlarını burada yüksəltməyə can atacaqlar. Ümumiyyətlə, gimnastika və voleybola marağım daha çoxdur. Amma Avropa Oyunları zamanı mənim üçün hansısa idman növündə fərq olmayacaq. Bütün idmançılarımızı hər bir yarışda dəstəkləyəcəyəm. İstəyirəm ki, Oyunların hər yarışında, hər mərasimində bizim bayrağımız ucalsın”.
Sumqayıtdan sonra, Bakı 2015 alovu Azərbaycanın şimal-şərqində və paytaxt Bakıya ən yaxın dağlıq rayon olan Xızıya yol aldı. Bu yolun üzərində yerləşərək haqqında əfsanəvi rəvayətlər gəzən və ziyarətgah kimi məşhur Beşbarmaq dağının ətəyinə gəldi. Burada çəkilən xatirə şəkilləri və videomaterial Azərbaycanın Avropa Oyunlarına daha bir tarixi hədiyyəsi oldu.
Mülayim quru iqlimi ilə məşhur Xızının ərazisi 1,668 min km2, əhalisi 15 min nəfərdən artıqdır. Rayon 2205 metr hündürlükdə yerləşən Dübrar zirvəsindən aran zonasına qədər rəngarəng təbiətə və tarixə malikdir.
Cəfər Cabbarlı və Mikayıl Müşfiqin yurdunda estafet Heydər Əliyev prospektində start götürdü və 2 km-ə yaxın davam edərək, ümummilli liderin adını daşıyan parkda başa çatdı. Orta məktəb müəllimi Ağəli Əsgərovun başladığı yürüşdə Variz Rzayev, Samil İsmayılov, Eybulla Ələkbərov, Orxan Atababayev, Zülfüqar Qulamov, Şirəli Hüseynov, Ramin Hüseynov, İlham Əliyev və Elmik Məmmədhəsənov iştirak etdilər. E.Məmmədhəsənov digər həmkarlarının müşayiəti ilə parkda qurulmuş səhnə önünə gəldi. Gur alqışların sədası altında sonuncu məşəlçi kürsüyə qalxaraq çırağı alovlandırdı.
Məşəl estafetinin iştirakçısı olmuş Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi tam orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi Elmik Məmmədhəsənov ürək sözlərini belə ifadə etdi: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsində əsas rol cənab prezidentimiz İlham Əliyevə məxsusdur və buna görə ona minnətdarıq. İxtisasca futbol mütəxəssisyəm və buna görə çimərlik futbolu üzrə millimizə yaxından dəstək verməyə, onların təbliğatçısı olmağa çalışıram. Xızı adlı-sanlı pəhləvanlar yetişdirib. Buna görə güləşçilərimizə rayonumuzda maraq həddən artıq böyükdür. Onlardan hər birimiz yüksək nəticələr gözləyirik və inanıram ki, etimadı doğruldacaqlar”.
Bütün məşəlçilər səhnədə bir daha alqışlandı. Sürəkli alqış sədaları altında 21 yaslı Məsmə Nuriyeva Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim etdi. Səmaya şarların və göyərçinlərin buraxılması ilə tədbir başa çatdı.
Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Bakı 2015 Alovu sabah, iyunun 1-də yenidən Qafqazın valehedici dağlar qoynunda yüksələcək. Əvvəlcə Qusara səyahət edəcək, sonra Qubada möhtəşəm Alov festivalı ilə günə yekun vurulacaq.