- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Birinci Avropa Oyunları alovunun ikinci dayanacağı qədim tarixi və zəngin təbiəti ilə seçilən Lənkəran şəhəri oldu. Allsport.az xəbər verir ki, aprelin 29-da bu Cənub diyarına alov çırağı Naxçıvandan xüsusi təyyarə reysi ilə gətirildi. Hava limanında və şəhərin küçələrində Bakı 2015-in məşəl estafetinin iştirakçıları hərarətlə və sevinc hissi ilə qarşılandı.
Səhər alov qoruyanların müşayiəti ilə Avropa Oyunlarının alovunun Lənkəranla tanışlığı şəhərin girişində məşhur samovar abidəsindən başlandı. Sonra məşəl məşhur Mayak və Lənkəranın şan-şöhrəti sayılan çay plantasiyalarını gəzib dolaşdı. Bu qısa səyahət şəhərin ecazkar təbiətinin nişanəsi olan palıdlı meşə zolağı və Xəzər dənizi sahillərində başa çatdı.
Azərbaycanın cənub-şərqində, Xəzər dənizinin sahilində yerləşən Lənkəran nəfis memarlıq abidələri, gözəl iqlimi və heyranedici təbiəti ilə seçilir. Subtropik zonada yerləşdiyindən çayçılıq və sitrus meyvələrinin becərilməsi Lənkaranda geniş yayılıb.
Axşam saatlarında Məşəl Estafeti Bayraq meydanında start götürdü. Dünya və Avropa çempionu Pərviz Qasımzadə (yunan-Roma güləşi), Əməkdar məşqçi Vüqar Sultanov (Taekvondo və yunan-Roma güləşi), Nazim Qulamov (boks), SSRİ idman ustası Baba Rzayev (sərbəst güləş), beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov (ağırlıqqaldırma), Əziz Quliyev (boks), Alı Ağayev (yunan-Roma güləşi), Avropa çempionatının medalçısı Elnur Hacıyev (boks), çempionu Toğrul Məmmədli (ağırlıqqaldırma), həmçinin şahmat üzrə Azərbaycan çempionu Sirus Həsənli və FİDE ustası Ceyhun Məmmədov yürüşdə iştirak etdilər. Yürüşə sonuncu qoşulan atletika üzrə məşqçi-müəllim Məlahət Tağıyeva Heydər Əliyev parkında gurultulu alqışlarla qarşılandı.
Məşəl Estafetinin Lənkəran mərhələsinin ilk məşəlçisi olmuş Pərviz Qasımzadə bu həyəcanlı anlar barədə fikirlərini bölüşdü: “Çox şadam ki, Birinci Avropa Oyunlarının məşəl estafetinə qoşulanlardan biri də mənəm. Bir vaxtlar yunan-Roma güləşi ilə məşğul olmuşam; gənclər arasında dünya və Avropa çempionluğunun sevincini yaşamışam. Bu günkü tədbir məni sanki o günlərə, yaşadığım o gözəl anlara qaytardı. Bütün ömrüm boyu mənim üçün bu anlar ən əziz xatirələrdən biri olacaq”.
Azərbaycan hərb tarixinin ən şanlı generallarından olmuş Səməd bəy Mehmandarov və II Dünya müharibəsinin qəhrəmanı, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun doğulub, boya-başa çatdıqları Lənkəranda, Məşəl Estafeti Alov Festivalı ilə davam etdi. Tədbirin bayram ovqatı şəhər sakinlərinə xoş istirahət anları yaşadaraq, həm də Birinci Avropa Oyunları ilə yaxından tanış olmaq, hər kəsə özünü bu böyük tarixi hadisənin iştirakçısı kimi hiss etmək fürsəti qazandırdı.
Məşəl estafetinin iştirakçısı, şahmat üzrə FİDE ustası Ceyhun Məmmədov böyük tədbirlə bağlı ürək sözlərini paylaşdı: “Bir idman mütəxəssisi kimi, Bakı 2015-lə bağı tədbirin Lənkəranda da keçirilməsinə çox sevinirəm. Çünki bu idmanla məşğul olmağa bir çağırış, təbliğatdır. Məşəl estafeti bu gözəl anları, ölkəmizin gözəlliklərini bütün dünya göstərəcək. Buna sevinmək, belə bir gözəl ölkədə yaşadığımıza görə yalnız qürur duymaq olar”.
Mərasimdən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Məşəlin Azərbaycan səyahəti bu gün səhər saatlarında Lerik, günortadan sonra isə Astara rayonlarına yürüşlə davam etdiriləcək.