Marko Rossi: “Azərbaycanı məğlub etməliyik”

“Həm Xorvatiyaya, həm də Azərbaycana qarşı matçları düşünürük. İkincinin birincidən ağır keçəcəyini istisna etmək olmaz. Qrupdan çıxmaq şansımızı saxlamaq üçün Azərbaycana qalib gəlməliyik”.

Allsport.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Xorvatiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunları barədə “Nemzeti Sport”a müsahibəsində deyib.

55 yaşlı italiyalı mütəxəssis Azərbaycan millisinin səfərdə Uelsə 1:2 hesabı ilə uduzduğu, evdə isə Xorvatiya ilə 1:1-lik bərabərə qaldığı matçları xatırladıb:

“Püşkatmadan dərhal sonra bəyan etmişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz və onlar qrupda inamlı şəkildə duruş gətirəcəklər. Azərbaycanın sentyabrdakı 2 oyunu xoş sözlərə layiqdir. Onlara qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına əminəm. Biz Xorvatiya və Azərbaycanla, daha sonra Uelslə görüşdə ən yaxşı nəticəni qazanmağa can atırıq. Lakin bu 3 rəqibin hamısını udacağımızı söyləyəcək qədər dəli deyiləm. Hazırda Avropa çempionatına vəsiqə üçün mübarizə apardığımızdan danışmaq xoşdur. Unutmayaq ki, Macarıstan 4-cü səbətdən çıxıb”.

Rossi daha çox Azərbaycanla oyuna kökləndiyini gizlətməyib:

“Xorvatiyada meydana ağ bayraqla çıxmayacağıq. İndiki vəziyyətdə yalnız bunu təkrar edə bilərəm: Splitdə nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik. Biz Xorvatiya ilə Azərbaycanı məğlub edirik, Slovakiya – Uels və Uels – Xorvatiya qarşılaşmaları heç-heçə başa çatır? İnanılmaz səslənir. Bilirsiniz nə var: belə də olacaq. Mən Slovakiyanı qabaqlamaq barədə düşünürəm. Bu, oktyabrda baş versə, məni bir ay əsəbdən qurtarar”.

Qeyd edək ki, oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Xorvatiya ilə oyun isə oktyabrın 9-da Splitdəki “Polyud” stadionunda saat 22:45-də start götürəcək. 

Report

Həmin kateqoriyadan