- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarının paytaxtda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, tapşırığa əsasən, may ayında baş tutacaq Bakı-2017-in Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti və Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva təyin olunub.
Təşkilat Komitəsinə müvafiq dövlət və hökumət qurumlarının və MOK daxildir. Təşkilat Komitəsinə 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.
Sərəncamda İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərarın Azərbaycanda məmnunluqla qarşılandığı bildirilir. “Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır”, – deyə Sərəncamda vurğulanır.
Bildirilir ki, İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.
Azərtac-ın məlumatına görə, sənəddə uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsinin Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracağı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəyi qeyd olunur.