- Baxış sayı: 17
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Emil Təhməzov yazır…
Hər birimizin uşaq vaxtlarımızda ürəyimizdə qurduğumuz arzular və xəyallar olub: hansısa ölkəyə səfər etmək, ulduzları görmək, hansısa peşəyə sahib olmaq və ya hansısa məhşur bir insanı canlı görmək. Bu arzuların bəzilərini illər keçdikçə reallaşdıra bilirik, amma bəziləri var ki bizdən asılı olmayan səbəblərə görə onları həyata keçirmək hansısa bir şansa və ya hadisəyə bağlı olur.
Məlumdur ki, futbol tərəfdarlarının çoxu sevdiyi komandalarına adətən bir futbolçuya görə azərkeşlik etməyə başlayır. Məsələn, “Barselona”ya Lionel Messi, Rivaldo, “Real Madrid”ə Raul Qonzales, İker Kasilyas, Kriştianu Ronaldu, “Yuventus”a Alessandro Del Pyero, Canluici Buffon və s. Milyonlarla insanların və mənim artıq 25 il “Milan” klubunun azərkeşi olmağımızın səbəbi isə ukraynalı əfsanəvi futbolçu Andrey Şevçenko olub.
Şevçenko hələ “Milan”a gəlməmişdən qabağ Avropada artıq çox məhşurlaşmış, “Dinamo Kiyev”in heyətində çox uğurlu mövsümlər keçirmişdir. “Nou Kamp” stadionunda “Barselona” kimi Avropa nəhənginin qapısına çempionlar liqasında ilk dəfə het-rik edəndən sonra bir çox böyük komandalar artıq onu öz heyətlərinə qatmaq istəyirdi. “Milan”ın həmin vaxt rəhbərlərindən biri olan Adriano Qallianinin şəxsi təşəbbüsü və səyləri nəticəsində Şevçenko 1999-cu ildə “rossoneri”ləri seçdi. Bu seçim heç də təsadüfi deyildi, çünki həmin zamanlar İtaliya “A” seriyası Avropada ən güclü çempionat sayılırdı. Həmin zamanlardan başlayaraq mən də məndən yaşda böyük olan digər “Milan” azərkeşi qohumumun təkidi ilə “Milan”a və Şevçenkoya azərkeşlik etməyə başladım. Andrey mənim üçün tək azərkeşi olduğum futbolçu deyildi, həm də bir insan kimi kumirim, idealım və həsəd apardığım bir şəxs idi. Təsadüfi deyil ki, indiyə qədər Şevçenkodan başqa heç bir Milan futbolçusunun məndə forması belə olmayıb. Çünki Şevçenko mənim futbolda ilk və son sevgim olaraq qaldı.
İllər keçdi və 2012-ci ildə Şevçenko oyunçu karyerasını bitirdiyini elan etsə də, “Milan” və Şevçenko sevgisi mənim ürəyimdə hər zaman qalırdı. Və bu il Azərbaycan komandasının Ukrayna yığması ilə eyni qrupa düşdüyünü bildikdən sonra Şevçenkonu görə biləcəyim barədə ümidlərim yenidən bərpa oldu. Bakıda keçiriləcək oyundan bir neçə gün qabaq artıq bəzi xəbər saytlarında Şevçenkonun Ukrayna futbol federasiyasının prezidenti kimi Bakıya gələcəyi və bəzi tədbirlərdə iştirak edəcəyi barədə xəbərlər paylaşıldı. Artıq sevincim daha da böyüdü və onu mütləq görüb şəkil çəkdirməyi qarşıma məqsəd qoydum.
“Milan” azarkeşlərinin olduğu bir qrupda biz artıq, belə desək, operativ bir komanda qurduq. Hər kəs Şevçenkonun hansı tədbirdə nə zaman olacağı və harada olacağı barədə məlumatı olan kimi dərhal paylaşırdı. 7 sentyabrda Şevçenkonun Bakıya gecə vaxtı gəldiyini təəssüf ki, heç birimiz bilmədik, amma növbəti gün Ukrayna futbol federasiyasının instaqram səhifəsində paylaşdıqları videodan onların hansı oteldə qaldığını müəyyən etdik. Növbəti gün günorta saatlarında otelə hər hansısa bir məlumat əldə etmək üçün getdim, amma təəssüf ki, orada səhər saatlarından olan uşaqlar dedilər ki, Şevçenko səhər saatlarında oteldən çıxıb və hələ də qayıtmayıb. Bu arada otelin mühafizəçiləri bizə otelin qabağında durmağı və oyunçulara yaxınlaşmağın qadağan olduğunu bildirərək ərazini tərk etməyimizi xahiş etdilər. İşə qayıdan zaman “Milan” azarkeşlərindən biri Şevçenkonun saat 16:00-da 247 nömrəli məktəbə gələcəyini və hazırda ora getdiyini bildirdi, digər bir tanışım isə Şevçenkonun saat 18:00 dan sonra Tofiq Bəhramov adına respublika stadionuna gedəcəyini və Ukrayna millisinin məşq prosesini izləyəcəyini xəbər verdi. Yolda gələn zaman məktəb ərazisində mühafizənin daha güclü olacağını fikirləşərək axşam stadiona getməyin daha məntiqli olacağını düşündüm. Amma sonradan həmin dostumun Şevçenko ilə qrupa şəkil atdığını gördükdən sonra böyük bir peşmançılıq hissi yaşadım. Amma əlbəttə ki, dostuma görə çox şad oldum.
Stadionda olan zaman Ukrayna nümayəndə heyətinin operatorundan Şevçenkonun bura gələcəyini soruşdum, o isə öz növbəsində bu barədə məlumatı olmadığını bildirdi, əvəzində isə məni Şevçenkonun şəxsi köməkçisi ilə tanış etdi. Xanıma Şevçenkonun necə bir azərkeşi olduğumu izah edəndən sonra xanım mənə Şevçenkonun bu gün bura gəlməyəcəyini, lakin sabah oyuna gələn zaman stadionun VİP zonasına gələcəyini və mənim orda onunla şəkil çəkdirmək imkanım olacağını bildirdi.
Oyun günü saat 18:00-dan artıq stadiona gəlib VİP zonanın qabağında dayanaraq Şevçenkonun gəlişini gözləməyə başladım. Əslində ətrafda polis əməkdaşlarının olması məndə narahatlıq yaratdı ki, onunla şəkil çəkdirməyə imkanım olmaz. Bu zaman həmin ukraynalı xanımı gördüm və yaxınlaşdım, o da öz növbəsində mənə məni xatırladığını və harada durub gözləməyimi bildirdi. Artıq səbrim qalmamışdı, belə bir şansın bir daha olmayacağına əmin idim. Ya indi, ya da heç vaxt! Və elə bu zaman qonaqlar üçün nəzərdə tutulan darvazadan rəsmi geyimdə gələn bir neçə nəfər adamın gəldiyini gördüm. Aman Allahım, bu odur! Necə də qocalıb, amma yerimək tərzi, xarizma, duruşu eynidir. İnana bilmirəm! Telefonu hazır vəziyyətə gətirib qaçdım onun qabağına və italyan dilində əvvəlcədən öyrəndiyim “uno foto perfavore (bir şəkil xahiş edirəm)” dedim. Şevçenko da özünəməxsus tərzdə, ona xas olan və milyonlarla insanın onu oyunundan əlavə sevdiyi digər xüsusiyyəti olan yüksək səviyyədə olan insani keyfiyyəti ilə razılıq verdi. Və budur! Uşaqlıq arzumu gerçəkləşdirdim! Həmin anda içimdən keçən hissləri izah etmək mənim üçün çox çətindir, bu anı mən 25 il gözləyirdim. Şevçenko stadiona daxil olan zaman isə “Forza Milan” deyə qışqırdım və o da mənə baxaraq başıyla təsdiq etdi! Bundan gözəl an ola bilməzdi. Elə bu zaman onun köməkçisi xanım onu yola saldıqdan sonra çölə çıxdı. Ona yaxınlaşıb ona nə qədər minnətdar olduğumu bildirdim, bir insanın arzusunu gerçəkləşdirdiyini və bundan sonra Bakıda onun hər zaman bir dostu olduğunu dedim. Xanım da öz növbəsində mənə görə çox şad olduğunu dedi.

Artıq arzumun gerçəkləşdirəndən sonra rahat stadionda oturub oyuna baxa bildim. Oyun bitəndən sonra metroya gedən zaman bir “Milan” azərkeşi bizim qrupda Şevçenkonun Bakıda məhşur bir otelin restoranında olacağını bildirdi. Otelə geden zaman qrupdan bir yoldaşımızın artıq Şevçenko ilə otelin girişində şəkil çəkdirdiyi, digəri isə onun qonağı olduğu restoranda oturduğu masanın yanında əyləşdiyini öyrəndim. Biz də qrupdan olan 4 nəfər operativ şəkildə həmin restorandan yer bron etdik, restorana 4 nəfər yoldaş gəldik və düz Şevçenkonun oturduğu masanın yanında əyləşdik. Şevçenkonun AFFA rəsmiləri ilə oturduğunu və mühafizəsinin olduğunu nəzərə alaraq ona yaxınlaşmamağa və tədbirin yekunlaşmasını gözləməyə qərar verdik. Tədbir yekunlaşan kimi hamımız ona yaxınlaşdıq və o hər birimiz ilə ayrı və kollektiv şəkil çəkdirdi. Qısa olaraq bizim “Milan” azərkeşləri olduğumuzu, “Milan”ı məhz ona görə sevdiyimizi və fan klub haqqında məlumat verdik. O da öz növbəsində bizə təşəkkür etdi. Onun gözlərində sevinc hissini görmək elə də çətin deyildi. Çünki o bilirdi ki, dünyada onun milyonlarla azərkeşi var və hər kəsə onunla belə yaxından görüşmək qismət olmur. O bilirdi ki, buradakı azarkeşləri restorana məhz ona görə gəlib və xeyli müddətdir onu gözləyir. O çox gözəl bilirdi ki, onunla şəkil çəkdirmək bizim üçün nə deməkdir. Gedən zaman bizimlə sağollaşması bir daha onun necə sadə və mədəni insan olduğunu bir daha göstərdi.

Və beləliklə mən 25 il ərzində ürəyimdə yaşatdığım bir uşaqlıq arzumu həyata keçirmiş oldum. Bu hal bir daha göstərir ki, əgər bir arzun varsa ona hər zaman inanmalı və onu yaşatmalısan. O arzunun həyata keçməsi üçün uzun bir zaman, zəhmət lazım ola bilər. Hətta o arzunun gerçəkləşməsi sənə gözlədiyin nəticəni verməyə də bilər, lakin hər zaman və hər zaman ona inanmaq lazımdır. Çox sağ ol, Şeva!
