Milli olimpiya komitəsində Ağacan Abiyevin 85-illik yubileyi qeyd edildi

Noyabrın 24-də milli olimpiya komitəsinin inzibati binasında ictimai-siyasi xadim “Azərbaycan respublikasının əməkdar elm xadimi”, “Şöhrət” və “Şərəf” ordenli Ağacan Abiyevin 85-illik yubileyi qeyd olundu. Allsport.az saytı xəbər verir ki, mərasimdə həyatının böyük hissəsini Azərbycanda idmanın, təhsilin və elmin inkişafına həsr edərək bu sahələrə böyük töhfələrvermiş Əməkdar bədən tərbiyəsi və idman zadimi Ağacan Abiyevin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirildi. Onun idmançı, hakim kimi fəaliyyəti, beynəlxalq konfranslarda çıxışları diqqətə çatdırılıb, bacarıqlı rəssam olmasını təsdiqləyən rəsm əsərləri göstərildi.

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yubilyarı təbrik edərək, ona MOK adından xatirə hədiyyələri təqdim edib. Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Ağacan Abiyevin Azərbaycan idmanında böyük nüfuza malik simalardan biri olduğunu diqqətə çatdırıb. AzDBTİA-nın rektoru Fuad Hacıyev Ağacan müəllimin bir idman xadimi və elm xadimi kimi fəaliyyətindən bəhs edən bəzi məqamları diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini Adil Əliyev, MOK-un ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, voleybol federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev, güləş federasiyasının idman şöbəsinin müdiri Yaqub Məmmədov, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, atletika federasiyasının vitse-prezidenti Firat Hüseynov və beynəlxalq dərəcəli hakim Hicran Şərifov çıxış edərək, 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar elm xadimi və idman ustasının həyat yolundan və çoxşaxəli fəaliyyətindən söhbət açıb, yubiley münasibətilə təbrik ediblər.

Bildirilib ki, Azərbaycan elminin və idmanının inkişafında xüsusi xidmətləri olan A.Abiyev həm də idmanın müxtəlif problemlərinə dair bir sıra sanballı əsərləri və tədqiqatları ilə tanınır. Yubilyar 85 illik həyatında idman, elm, təhsil, jurnalistika, televiziya və s. sahələrdə böyük uğurlara imza atıb. AzDBTİA-da gənc mütəxəssislərin yetişməsində, onların idmana marağının artırılmasında A.Abiyevin böyük xidmətləri olduğu vurğulanıb. Onun Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkili işində də əvəzsiz xidmətləri olduğu bildirilib.

Qeyd edilib ki, professor Ağacan Abiyev yüksək idman nailiyyətlərinə görə SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim və Əməkdar idman xadimi fəxri adlarına layiq görülüb. O, Avropa boks ittifaqının vitse-prezidenti, hakimlər komitəsinin sədri, Beynəlxalq həvəskar boks assosiasiyasının (AİBA) icraiyyə komitəsinin və hakimlər komissiyasının üzvü kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Bildirilib ki, Ağacan Abiyevin 85 illik şərəfli ömür yolu gənc nəsil üçün əsl həyat məktəbidir. 1987-2015-ci illərdə AzDBTİA-nın rektoru işlədiyi dövrdə Azərbaycanda həm gənc idman mütəxəssislərinin, həm də dünya miqyasında tanınmış görkəmli idmançılar nəslinin yetişməsinə mühüm töhfələr verib. A.Abiyevin 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarından olduğu vurğulanıb. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan və müstəqil Azərbaycanda peşəkar idman yarışlarının təşkilatçısı olan A.Abiyev Azərbaycanda olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb.
Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan professor A.Abiyevin ictimai-siyasi fəaliyyətinin bir sıra məqamlarına tədbirdə toxunulub.

Yüksək diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən A.Abiyev onun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətlədirildiyini bildirib, xalqımıza və dövlətimizə bundan sonra da şərəf və ləyaqətlə xidmət edəcəyini söyləyib. Ümummilli lider Heydər Əliyevin idmançılara və gənclərə, eləcə də onun ictimai-siyasi və idman fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini söyləyən Ağacan Abiyev bu ənənənin prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Sonda yubilyara xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan