Milli olimpiya komitəsində ümumdünya ədalətli oyun gününə tədbir

Milli olimpiya komitəsində 7 sentyabr – Ümumdünya ədalətli oyun gününə tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, MOK-un həyətində keçirilən toplantıda, idmanda ədalətli oyunu və etik dəyərləri təşviq etmək üçün nəzərdə tutulmuş təşəbbüs qeyd olundu. Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev dedi ki, istər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olan hər kəs hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqda məlumat paylaşır.

Sonra “Spirit of Fair Play” beynəlxaql foto müsabiqənin nominantları, fotoqraflar İlqar Cəfərov, Zaur MustafayevFərqanə Qasımlıya diplomlar təqdim olundu. Ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” dünya ədalətli oyunlar diplomunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim etdi.

Qeyd edildi ki, Macarıstan paytaxtı Budapeştdə beynəlxalq ədalətli oyunlar hərəkatının baş assambleyası çərçivəsində adıçəkilən komitənin təsis etdiyi nüfuzlu “Dünya ədalətli oyunlar mükafatları”nın təqdimetmə mərasimində Çingiz Hüseynzadə bu mükafatla təltif olunub. O bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və beynəlxalq ədalətli oyunlar hərəkatı ilə əlaqələrin qurulması istiqamətində gördüyü bir sıra mühüm işlərə görə layiq görülüb.

Azərbaycanın və dünya idmanının inkişafında bir sıra xidmətləri olan Çingiz Hüseynzadənin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa ədalətli oyunlar hərəkatının konqres və assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib. Avropa olimpiya komitəsinin “Şərəf” ordeni ilə təltif olunub.

Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyası, dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının Azərbaycan nümayəndəliyi və beynəlxalq natural bodibildinq və fitnes assosiasiyasının Azərbaycan nümayəndəliyi İNBA qlobal Azərbaycan birliyi arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı. Sonda qonaqlar incəsənət gimnaziyasının skripkaçılar ansamblının ifasını dinlədiblər.

Həmin kateqoriyadan