- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin “Əl-Gad Əl-Ərəbi” televiziya kanalına 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı müsahibə verib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, o, Bakı-2015-in Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib, idmanın və Olimpiya Hərəkatının ölkəmizin siyasətinin mühüm bir hissəsi olduğunu vurğulayıb.
Səfir Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdiyini, artıq 2000-ci ildə Sidney şəhərində öz milli Olimpiya komandası ilə çıxış etdiyini, həmin yarışlarda azərbaycanlı idmançıların ikisi qızıl, biri bürünc olmaqla 3 medal qazandıqlarını xatırladıb.
Azərbaycanın 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında 10 medal qazandığını qeyd edən səfir dünyanın 200 ölkəsi arasında Azərbaycanın 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirib.
Səfir Bakı-2015 ilə bağlı ölkədə ciddi hazırlıq işlərinin aparıldığını və 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək oyunlarda 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını tamaşaçıların diqqətinə çatdırıb.
Veriliş zamanı Azərbaycanın son illər yüksək inkişaf tempini və Bakı-2015-lə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini əks etdirən videoçarx göstərilib.