MOK-da yeni tərəfdaşlar

Allsport.az xəbər verir ki, milli olimpiya komitəsi “Visa”, “Go Sport” və “Batıgöz” klinikası ilə tərəfdaşlığa start verilib. Müqavilələr 2023-2024-cü iləri nəzərdə tutur. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və müxtəlif federasiyaların rəsmiləri iştirak ediblər.
İmzalanma mərasimində çıxış edən Hüseynzadə ötən il MOK-un 30 illiyinin qeyd olunduğunu xatırladaraq deyib ki, milli olimpiya komitəsi prezident İlham Əliyevin rəhbərliyi dövründə uğurlu yol qət edib. Komitə dünyada tanınan və nüfuz sahibi olan qurumdur. Beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Baxın ötən həftə Bakıya səfər etməsi və bir sıra görüşlər keçirməsi buna sübutlardan biridir.

“Tərəfdaşlar olmasaydı, bu qədər güclü ola bilməzdik. Onların sayını daim artırmaq istəyirik. Tərəfdaşlarımızın bir çoxu Beynəlxalq Olimpiya Komitəsi ilə də əməkdaşlıq edir. Bütün yarışlara birlikdə gedirik. Onlar da bizimlə birgə uğurlar qazanacaqlar”, – deyə Hüseynzadə vurğulayıb.

Tərəfdaş şirkətlərin nümayəndələri “Blu Planet”in Azərbaycan üzrə direktoru Mehriban Axundova, “Batıgöz” klinikasının təsisçisi İqbal Heydərov, “Visa” şirkətinin Azərbaycan üzrə baş direktoru Nurlan Hacıyev çıxışlarında əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu bildiriblər.
Sonra 3-cü Avropa oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarından bəhs edən videoçarx təqdim olunub. Sonda tərəfdaşlığa dair memorandumlar imzalanıb.

Həmin kateqoriyadan