- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə bu ölkənin Radio və Televiziya kanalının (RTCG) böyük izləyici kütləsinə malik “Sabahınız xeyir” proqramının qonağı olub. Allsport.az xəbər verir ki, söhbət zamanı diplomatik əlaqələrimizin tarixindən bəhs edən diplomat bildirib ki, hazırda ikitərəfli və çoxtərəfli münasibətlərimiz yüksək səviyyədədir. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz uğurla inkişaf etməkdədir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti, qarşılıqlı olaraq yüksək səviyyəli səfərlərin təşkili Azərbaycan-Monteneqro tərəfdaşlığına töhfəsini verməkdədir.
Azərbaycanın inkişaf tarixindən danışan S.Mirzəzadə diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir sıra çətinliklərlə üzləşib. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı ölkəmizi mürəkkəb bir vəziyyətə sürükləyib. Lakin Azərbaycan xalqının dözümlülüyü, dövlətimizin uğurlu siyasəti ölkəmizin sürətlə inkişaf etməsinə gətirib çıxardı. Artıq Azərbaycan investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Sərmayə yatırdığımız ölkələrdən biri də Monteneqrodur.
Diplomat “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində Monteneqronun təmsil olunmasının, vətəndaşlarımızın bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiqinin Monteneqroya səfər edən azərbaycanlı turistlərin sayının ildən-ilə artmasına müsbət təsirini göstərəcəyinə əminliyini bildirib.
Cari il Azərbaycanda təşkil ediləcək ilk Avropa Oyunları barədə ətraflı məlumat verən S.Mirzəzadə bildirib ki, digər qitələrin bu formatda yarışları artıq keçirilməkdədir. Lakin Avropanın idman tarixində ilk dəfə belə bir hadisəsinin yaşanması yarışın aktuallığını daha da artırır. Cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet 20 idman növü üzrə mübarizə aparacaq. Yarışın 12 idman növü üzrə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıması onun əhəmiyyətini daha da artırır. Hazırda “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və sürətlə aparılır.
Proqramın aparıcısı Azərbaycanın artıq bir sıra mötəbər tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, şübhəsiz Azərbaycan ilk Avropa Oyunlarının da yüksək səviyyədə təşkilinə nail olacaq.
Proqram zamanı Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, regionları, Bakının görməli yerləri, ilk Avropa Oyunları və ölkəmizlə bağlı digər maraqlı məqamların əks olunduğu videoçarx yayımlanıb.