- Baxış sayı: 42
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Neftçi” yeni baş məşqçi axtarışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, klubun gündəmində Fateh Tərim, Abdullah Ovçu, Ömər Ərdoğan və Yuri Vernıbud kimi mütəxəssislərin olduğu iddia olunur. Lakin azarkeşlərin könlü tamam başqadır. “Ağ-qaralar”ın tərəfdarları Tərlan Əhmədovun komandanın başına keçməsini istəyirlər. Sosial şəbəkələrdə bununla bağlı çox sayda rəyə rast gəlmək mümkündür. Maraqlıdır, Tərlan Əhmədov bu barədə nə düşünür? Ona “Neftçi”dən təklif gəlibmi? Bununla bağlı cebheinfo.az məşçi ilə əlaqə saxlayıb. Sitat:
“Sağ olsun, azarkeşlər məni komandalarında görmək istəyirlər. Azarkeşlər hər zaman öz klublarının uğurunu arzulayırlar. Onlar da uğurlu məşqçinin klublarını çalışdırmasını istəyirlər. “Neftçi” azarkeşlərinə dəstəklərinə görə təşəkkür edirəm. “Neftçi” hamımızın ürəyidir. “Neftçi”yə bu qədər dəyər verikləri üçün də minnətdaram. Məni orada görmək istəmələri şərəfdir”.
Lakin ekspert “Neftçi”dən təklif almadığını söyləyib: “Hazırda ortada heç nə yoxdur. Mənə klubdan təklif gəlməyib. Bu barədə hansısa danışıqlar aparılmayıb. Ümumiyyətlə, Premyer Liqanın hər hansısa klubundan təklif yoxdur. Sadəcə 1-nci liqadan təkliflər olub, ancaq onları da qəbul etməmişəm.
Təbii ki, “Neftçi”dən təklif gəlsə, bunu dəyərləndirərəm. “Neftçi” uğurlu olmasa, milli komanda da problem yaşayacaq. Mən “Neftçi”nin uğurlu nəticələr qazanması, Avropaya səs salması üçün əlimdən gələni edərəm. İstək rəhbərlikdən gəlməlidir, amma hazırda hansısa təklif yoxdur”.
Tərlan Əhmədov mütəmadi şəkildə xarici məşqçilərin gündəmə gətirilməsinə təpki göstərib: “Məsələn, son günlərdə Vernıdukun “Şerif”lə “Real Madrid”i, Berdiyevin “Rubin”lə “Barselona”nı udduğu deyilir, amma Tərlan Əhmədovun Böyükağa Hacıyevin xəstə olduğu dönəmdə “Neftçi” ilə İtaliyada “İnter” ilə 2-2 bərabərə qaldığını unudurlar. Yerli məşqçini saya salan yoxdur. Lakin əcnəbilərin böyük reklamı gedir. Axı özümüzə nə üçün dəyər vermirik? Bunlar çox məyusedici məqamlardır”.