- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Niderlandın “Diplomatic Magazine” jurnalında “Azərbaycan Bakı-2015 Avropa Oyunlarına ev sahibliyi etməyə hazırdır” sərlövhəli məqalə dərc olunub. Allsport.az saytının məlumatına görə, məqalədə qeyd edilir ki, idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunları bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.
Bu genişmiqyaslı tədbirdə Avropanın 50 ölkəsindən 6 min atletin iştirak edəcəyi, idmanın 20 növü üzrə qüvvələrini sınayacaqları diqqətə çatdırılıb. Avropa Olimpiya Komitəsinin məlumatına istinad edilən məqalədə “Bakı-2015”in Avropanın idman təqvimində ən önəmli tədbir, “Rio-2016” Olimpiya Oyunlarına qatılacaq idmançılar üçün özünütəsdiq imkanı olacağı bildirilib. Oyunların Bakıda və Mingəçevirdə, o cümlədən açılış və bağlanış mərasimlərinin isə ən müasir tələblərə cavab verən yeni Olimpiya Stadionunda keçiriləcəyi qeyd olunub.
Yazıda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Bakının bu mötəbər tədbiri keçirməyə tam hazır olması barədə fikirləri də diqqətə çatdırılır. P.Hikkinin bu tədbirə göstərdikləri böyük diqqət və marağa görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirməsi də məqalədə xüsusi vurğulanıb.
Məqalədə ilk Avropa Oyunlarına Niderlandda böyük marağın olduğu, bu ölkənin Olimpiya heyətinin rəhbəri Jeroen Bijlin yarışlara yüksək səviyyədə hazırlaşdıqları ilə bağlı fikirlərinə də yer verilib. Həmçinin onun 2019-cu ildə növbəti Avropa Oyunlarının Niderlandda keçirilməsi imkanlarının müzakirə edildiyi barədə sözləri diqqətə çatdırılıb.
Yazıda Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Efendiyevin son illər ölkəmizin beynəlxalq humanitar və mədəniyyətlərarası dialoq forumlarına, bir sıra mötəbər konfranslara, idman yarışlarına ev sahibliyi etməsi, ilk Avropa Oyunlarına hazırlıq işlərinə dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi barədə fikirləri qeyd olunub. Diplomatın “Bakı-2015” ilk Avropa Oyunlarının gələcəkdə bu qəbildən yarışların keçirilməsi üçün əsl nümunə olacağına əminliyi də yazıda xüsusi vurğulanıb.