Niderland mətbuatı Azərbaycan səfirinin Bakı-2015-lə bağlı müsahibəsini dərc edib

Niderland Krallığının “The Holland Times” jurnalının aprel buraxılışında Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Efendiyevin Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı “Azərbaycan: imkanlar ölkəsi” başlıqlı geniş müsahibəsi dərc edilib. Allsport.az xəbər verir ki, səfir jurnalist Nanda Jagusiakın “Bakı-2015” ilk Avropa Oyunları, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, ölkəmizin iştirak etdiyi neft-qaz layihələri, Azərbaycanda innovasiyalar, turizm imkanları barədə suallarını cavablandırıb.

Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrdən söz açan diplomat bu əməkdaşlığın uğurla inkişaf etdiyini, son illərin qarşılıqlı səfər və görüşlərlə zəngin olduğunu, 2014-cü il yanvar ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində Niderland Krallığının baş naziri Mark Rutte, 2014-cü il mart ayının 24-25-də Haaqa şəhərində keçirilmiş III Nüvə Təhlükəsizliyi sammiti çərçivəsində kral Villem-Aleksandr, eləcə də ölkənin digər rəhbər şəxsləri ilə görüşlər keçirdiyini diqqətə çatdırıb.

Müsahibədə səfirin iki ölkənin xarici işlər nazirlərinin, müxtəlif sahələrdə yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, son illərdə keçirilən çoxsaylı biznes forumların nəticəsi olaraq, ölkəmizin qeyri-neft sektoruna yatırılmış birbaşa investisiyaların həcminə görə Niderlandın Türkiyə, Böyük Britaniya və ABŞ-dan sonra dördüncü yerdə olmasına dair fikirləri də yer alıb.

Səfir, eyni zamanda Niderlandın 110-a yaxın şirkətinin ölkəmizdə ticarət, xidmət, bank sektoru, sığorta, sənaye, nəqliyyat, rabitə və sair sahələrdə fəaliyyət göstərdiyini bildirib və cari ilin 23-24 aprel tarixlərində Maastrixt şəhərində hər iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçiriləcək növbəti biznes forumdan söz açıb, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, iştirak etdiyi neft-qaz layihələri haqda sualı cavablandırıb.

Müsahibəsində “Bakı-2015” Avropa Oyunlarından bəhs edən səfir M.Əfəndiyev son illərdə Azərbaycanın bir sıra dünya əhəmiyyətli tədbirlərə – Beynəlxalq Humanitar və Mədəniyyətlərarası Dialoq Forumlarına, dünya çempionatlarına, Qəbələ Beynəlxalq Musiqi Festivalına, “Eurovision” mahnı müsabiqəsinə müvəffəqiyyətlə ev sahibliyi etdiyini xatırladıb, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu vurğulayıb. O bildirib ki, Avropa Oyunları yeni idman müsabiqəsi formatı olmaqla qitənın müxtəlif idmançılarını bir araya gətirəcək. Bu tədbirə maraq qlobal səviyyədədir və Niderland Milli Olimpiya Komitəsi Bakı-2015 Avropa Oyunlarına tam ciddi yanaşır. Niderland tərəfi hətta 2019-cu ildə keçirilməsi planlaşdırılan ikinci Avropa Oyunlarına ev sahibliyinə maraq göstərir. Birinci Avropa Oyunlarına hökumət tərəfindən hərtərəfli dəstəyin verildiyini diqqətə çatdıran diplomat Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın oyunların Əlaqələndirmə Komitəsinin ikinci sessiyasında qeyd etdiyi “Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır” sözlərini oxucuların diqqətinə çatdırıb.

Azərbaycanda həyata keçirilən innovativ layihələrdən söhbət açan səfir bu sahənin ölkəmiz üçün prioritet istiqamət olduğunu bildirib, Azerspace-1 peyki, regional innovasiya zonaları və uğurlu nümunə kimi ASAN xidmətin fəaliyyətindən danışıb.

Azərbaycanın turizm potensialı ilə bağlı jurnalistin sualına cavabında səfir ölkəmizin strateji coğrafi mövqeyi, iqlim və təbii şəraiti, turizm imkanları, Şahdağ qış-yay turizm kompleksi, eləcə də müxtəlif turlardan söz açıb, niderlandlı turistlərin daha çox eko-turizmə maraq göstərdiyini bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları, 2016-cı ildə Formula 1 yarışması və digər beynəlxalq oyunlara ev sahibliyi etməsi ölkəmizdə turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Həmin kateqoriyadan