“Növbəti raunda adlamaq fürsətimiz var və bundan maksimum istifadə edəcəyik”

Çempionlar liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ” – “Çelsi” (İngiltərə) matçının (2:2) ardından baş məşqçimiz Qurban Qurbanov fikrini açıqlayıb. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis oyun sonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

“Azarkeşlərimizi təbrik edirəm. Qarşıdan bizim Zəfər Günümüz gəlir. Bu heç-heçəni də uğurlu nəticə hesab edirik və futbolçularımızın çəkinmədən göstərdikləri mübarizəni xüsusi vurğulamalıyam. Əsl azərbaycanlılara xas şəkildə mübarizə apardılar. İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. “Qarabağ” artıq daha çox təcrübəlidir. Mübariz komandamız var və bir-birimizə olan güvənimizə görə yaxşı nəticələr əldə edə bilirik. İstək ürəkdən gəldikdə, nəticələr də yaxşı olur. Növbəti raunda adlamaq fürsətimiz var və bundan maksimum istifadə edəcəyik”.

Baş məşqçi bildirib ki, “Çelsi”yə qarşı çıxış etmək komandaya böyük təcrübə qazandıracaq: “Bu cür böyük kollektivlərin Bakıya gəlməsi sevindiricidir. Ulduz futbolçulara qarşı mübarizə aparmaq tərcübə qazanmaq deməkdir. Güclü klublarla qarşılaşanda komanda bir qədər də böyüyür. Bəzi matçlarda riskə getmək lazımdır. Nəticə qazanmaq üçün bunu etməliyik. Futbolçularıma imkan vermədim ki, “Çelsi” ilə matçda müdafiədə otursunlar”.

Həmin kateqoriyadan