- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün ölkə başçısı İlham Əliyev bu gün Beyləqan olimpiya idman kompleksinin açılışında iştirak edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti kompleksin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov burada yaradılan şərait barədə dövlət rəhbərinə ətraflı məlumat verib. Bildirilib ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. İlham Əliyevin sərəncamları ilə olimpiya idman kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Diqqətə çatdırılıb ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır.
Beyləqan olimpiya idman kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı standartlara uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır.
Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur. Qeyd edilib ki, Beyləqan olimpiya idman kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Beyləqan olimpiya idman kompleksi ilə tanışlıqdan sonra İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib. Karate üzrə dünya çempionu Sahib Nəsibov və yunan-Roma güləşi üzrə əməkdar məşqçi Kamil Fərzəliyev göstərdiyi yüksək diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra xatirə şəkili çəkdirilib.