Ölkə başçısı və birinci xanıma Novruz şənliyində Bakı-2017-nin ilk biletləri təqdim olunub

4-cü İslam həmrəyliyi oyunlarının açılışına 55 gün qaldığı vaxtda, martın 18-də Bakı-2017-nin ilk biletləri Azərbaycan prezidenti İlham Əliyevə və xanımı, İslamiadanın təşkilat komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub. Allsport.az saytı xəbər verir ki, biletlər ölkənin rəhbər şəxslərinə milli bayram olan Novruz münasibətilə Bakıda keçirilən ümumxalq yürüşündə təqdim edilib.

4-cü İslam həmrəyliyi oyunlarının könüllülük proqramının bir hissəsi olmaq üçün artıq 8 mindən çox azərbaycanlı gənc qeydiyyatdan keçib. Onlar oyunların ictimaiyyətə geniş çatdırılmasında vacib rol oynayacaq, eyni zamanda, təşkil edilən liderlik, təqdimat və ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən də bəhrələnəcəklər.

Bakı-2017-yə biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə “Gənclik Mall”da idmançı və ulduz səfirlərin – İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və “Bakı-2017”nin talismanları “İncə” və “Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. 4-cü İslam həmrəyliyi oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

Bakı-2017-nin təşkilatçıları biletləri birinci Avropa oyunlarında olduğu kimi, münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcəklər ki, daha çox ailələr və gənc azarkeşlər bu yaz baş tutacaq mötəbər idman yarışından zövq ala bilsin. Bakı-2017 16 yaşadək bütün gəncləri güzəştli biletlərdən yararlanmağa səsləyir. Belə ki, onlar 13 idman sessiyasına pulsuz buraxılacaqlar. Həmçinin 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arenasına, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti bir manat olacaq.

Dünyanın müxtəlif ölkələrindən olan idman həvəskarları “Bakı-2017”nin möhtəşəm açılış və bağlanış mərasimlərini mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda izləyə biləcəklər. Açılış mərasiminə biletlərin qiyməti 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat arasında dəyişir.

4-cü İslam həmrəyliyi oyunları mayın 12-22-də keçiriləcək və İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiridir. İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan Bakı-2017 gələn il mayın 12-22-də Bakıda keçiriləcək. Müsəlman ölkələrini təmsil edən idmançılar on yarış günü ərzində öz ölkələrini idmanın 20 növü (23 kateqoriya) – atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3×3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda mübarizə aparacaqlar.

 

Həmin kateqoriyadan