Ölkəmiz 2-ci Avropa oyunları çərçivəsində Minskdə açılan sərgidə təmsil olunur

Bakı-2015 ilk Avropa oyunları zamanı Azərbaycan heykəltəraşları tərəfindən müxtəlif idman növlərinə aid yaradılan heykəllər Belarusda “İdman – yüksək incəsənət” sərgisində nümayiş olunur. Allsport.az saytı xəbər verir ki, 2-ci qitə oyunları çərçivəsində təşkil olunan tədbir iyunun 6-da Minskdə açılıb.

Sərgi Belarus mədəniyyət nazirliyinin və müasir incəsənət milli muzeyinin “Avropa oyunları – Avropa incəsənəti” adlı genişmiqyaslı layihənin tərkib hissəsidir. Tədbirdə Almaniya, Belarus, Böyük Britaniya, İspaniya, Litva, Polşa, Rusiya və digər ölkələrin fotoqraf və rəssamları ilə yanaşı, Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycandan rəssam və heykəltəraşların da əsərləri yer alıb.

Minsk sakinlərinə və şəhərin qonaqlarına idman mövzusunu mədəni, tarixi və sosial kontekstdə əks etdirən əsərlərdən – arxiv fotoları və müasir fotoqrafiya layihələrindən, plakatlar, videomateriallar və heykəltəraşlıq nümunələrindən ibarət ekspozisiya təqdim olunur.

“İdman – yüksək incəsənət” sərgisi avqustun 4-dək davam edəcək. Xatırladaq ki, 2-ci Avropa oyunları iyunun 21-30-da keçiriləcək. Yarışın mədəniyyət proqramına isə mayın 1-dən start verilib.

Həmin kateqoriyadan