Ordubadda müharibə şəhidinin xatirəsinə yoldaşlıq oyunu

Bu gün Ordubad şəhər stadionunda 2-ci Vətən müharibəsi şəhidi Mətin Hüseynovun xatirəsinə yoldaşlıq görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, Ordubad şəhər komandası ilə şəhidin doğulduğu Düylün kənd komandası arasında baş tutan qarşılaşma maraqlı və həyəcanlı idman mübarizəsi ilə yadda qalıb. Görüş kəndlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Final fitindən sonunda qalib komandaya xatirə kuboku təqdim olunub, həmçinin hər iki komandaya futbol topları hədiyyə edilib və diplomlar verilib.

Tədbirdə şəhidin ailə üzvləri də iştirak edib. Şəhid Mətin Hüseynovun qardaşına, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlığa görə Ordubad gəncləri adından təşəkkürnamə təqdim olunub. Görüş zamanı şəhidin qəhrəmanlıq yolu bir daha xatırlanıb və Vətən uğrunda canından keçənlərin daim hörmət və ehtiramla anılacağı vurğulanıb.

Yoldaşlıq görüşü Ordubad rayon gənclər və idman idarəsi və Naxçıvan futbol federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Qarşılaşmanı AFFA hakimlər komitəsinin təyin etdiyi hakimlər idarə ediblər.

Həmin kateqoriyadan