“Oyunun mahiyyətini həm mən, həm də futbolçularım dərk edirik”

Konfrans liqasının II təsnifat mərhələsində “Aris”lə keçiriləcək oyundan öncə “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin və kapitanı Ürfan Abbasov mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, baş məşqçi ilk öncə jurnalistləri 22 iyul – milli mətbuat günü münasibəti ilə təbrik edib: “Hər birinizə uğurlar arzulayıram. Oyunun mahiyyətini həm mən, həm də futbolçularım dərk edirik. Yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, futbolçularım meydanda ən yaxşısını edəcəklər. Hər kəs özünə inanır. Meydanda yaxşı bir iş görəcəyik. Yaxşı futbolçulara sahibik. “Araz-Naxçıvan” olaraq daha yaxşısını edəcəyimizə ümid edirəm. “Araz-Naxçıvan” konfrans liqasında debütant ola bilər, amma əksər futbolçularımız müxtəlif klubların heyətində avrokuboklarda iştirak ediblər. Yaxşı komanda formalaşdırmışıq. Oyun fəlsəfəmə uyğun futbolçuları yığmışıq. Onlar da ustalıqlarını meydanda göstərməyə çalışacaqlar. Uyğunlaşma baxımından heç birinin problemi yoxdur. Azarkeşlər bizi dəstəkləsinlər, inansınlar. Rəqibimiz haqda lazımi informasiyanı toplamışıq. Təcrübəli, keyfiyyətli komandadır. Amma diqqətimizi özümüzə yönəltmişik”.

Ürfan Abbasov isə onları ağır oyunun gözlədiyini deyib: “Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq. Rəqibin zəif və güclü tərəflərini təhlil etmişik”.

Həmin kateqoriyadan