Paris-2024-ə yollanacaq KİV

XXXIII yay olimpiya oyunlarına ölkəmizdən akkreditasiya olunmuş media nümayəndələri və Paris-2024-ə lisenziya qazanmış növlər üzrə federasiyaların mətbuat katibləri GİN-də bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdə nazirliyin İdman şöbəsinin müdiri, eləcə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, komandanın press ataşesi Qabil Mehdiyev iştirak ediblər.

Söhbətdə, olimpiada dövründə medianın fəaliyyəti, idmançıların hazırlığında psixoloji amillərin nəzərə alınması, komanda ruhunun yüksəldilməsi üçün atılmalı addımlar və digər vacib məqamlar müzakirə edilib. Eyni zamanda federasiyaların mətbuat xidmətləri ilə media nümayəndələrinin ortaq fəaliyyəti üçün görüləcək işlər barədə məlumat verilib.

Tədbirdə həmçinin media nümayəndələrinin sualları cavablandırılıb və Parisə yollanacaq jurnalistlərə akkreditasiyaları təqdim edilib.

Paris-2024-də Azərbaycan 48 idmançı (41 vəsiqə) ilə mübaarizə aparacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

Həmin kateqoriyadan