Parisdə “Azərbaycan olimpiya evi”nin açılışı

Azərbaycanın Fransada səfirliyinin mədəniyyət mərkəzində 33-cü yay olimpiya oyunları münasibətilə “Azərbaycan olimpiya evi”nin açılışı olub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, milli olimpiya komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, ölkəmizin bu ölkədə səfiri Leyla Abdullayeva, Türkiyənin Fransada səfiri Yunus Dəmirər, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili, bir çox ölkələrin olimpiya komitələrinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri və jurnalistlər iştirak ediblər.

Çıxış edənlər Odlar yurdunun bu olimpiadada 48 idmançı ilə 14 idman növündə təmsil olunduğunu bildiriblər. Azərbaycanın olimpiya tarixi haqqında məlumat verərək ölkəmizin ilk dəfə 1996-cı ildə müstəqil ölkə kimi olimpiya oyunlarına qatıldığını qeyd ediblər. Həmin vaxtdan da Azərbaycan idmançıları böyük uğurlara yetişiblər. 33-cü yay olimpiya oyunlarında da azərbaycanlı idmançıların böyük uğurlara nail olacaqları və vətənə alnıaçıq, üzüağ qayıdacaqları qeyd olunub.

“Azərbaycan olimpiya evi”nın əsas məqsədi tariximizi, mədəniyyətimizi, musiqimizi, mətbəximizi təbliğ və təşviq etməkdir. Həmçinin burada idmançılarımızın qələbələri qeyd olunacaq. “Azərbaycan Olimpiya Evi” hər gün bir tematika ilə fəaliyyət göstərəcək. Azərbaycanı sevən hər kəs burada idmançılarımızın uğurlarını izləyə, eləcə də idmançılarımızın fanları burada onlarla görüşə biləcəklər.

Tədbir zamanı milli olimpiya komitəsinin nəşrləri nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb. Sonda gənc ifaçı Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri təqdim olunub.

Həmin kateqoriyadan