- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2-ci yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən “Aşkalespor”la qarşılaşıb.
Baş məşqçi Roman Qriqorçuk Ərzurumun U-21 komandası ilə ilk yoxlama oyununda olduğu kimi bu dəfə də əsasən yeni transferlərə və əvəzedici heyətin üzvlərinə şans verib. Görüşdə komandaya hazırlığın Qəbələdə keçiriləcək 2-ci mərhələsində qoşulacaq milli üzvləri də iştirak etməyib. “Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb:
Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Murad Musayev, Dodo, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Emin Zamanov.
Qarşılaşmaya fəal başlayan “Qəbələ” 12-ci dəqiqədə hesabı açıb. Aleksey Qay fərqlənib. 3 dəqiqə sonra Asif Məmmədov fərqi artırıb. “Qəbələ”nin fəallığı ilk hissənin ortalarında bəhrəsini verib. 25-ci dəqiqədə 3-cü qola imza atan Dodo 1 dəqiqə keçmiş dublunu rəsmiləşdirib. Fasilədə Andrey Popoviç Dmitri Bezotosnını, Roman Hüseynov Emin Zamanovu əvəzləyib. İkinci hissə “qırmızı-qaralar”ın qolu ilə başlayıb.
48-ci dəqiqədə Samir Zərgərov türkiyəliləri məyus edib. 57-ci dəqiqədə yarımmüdafiəçi dublunu rəsmiləşdirib. 9 dəqiqə sonra Rəşad Sadiqov hesabı 7:0-a çatdırıb. İkinci hissənin ortalarında diqqət mərkəzinə düşən Qismət Alıyev əvvəl 68, ardınca 69-cu dəqiqədə qol sevinci yaşayıb. Bundan 8 dəqiqə sonra het-trik müəllifi olan Zərgərov matçda son nöqtəni qoyub – 10:0.
Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığının ilk mərhələsini 10:0 hesablı qələbə ilə başa vurub. Qonşu ölkədə 2-ci oyununu keçirən komandamız sabah səhər məşqindən sonra vətənə qayıdacaq. Qeyd edək ki, hazırlıq çərçivəsindəki ilk oyunda Ərzurumun U-21 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.
“Qəbələ” – “Aşkalespor” – 10:0
Aleksey Qay 12, Asif Məmmədov 15, Dodo 25, 26, Samir Zərgərov, 48, 57, 77, Rəşad Sadiqov, 66, Qismət Alıyev, 68, 69.