“Qarabağ” tarixi rekordu təkrarladı

Azərbaycan premyer liqasının VIII turu “Qarabağ”ın meydana start heyətində 11 legionçu ilə çıxması ilə əlamətdar olub.

Allsport.az xəbər verir ki, Qurban Qurbanov “Turan Tovuz”la səfər qarşılaşmasında “11-lik”də yerli futbolçulara fürsət verməyib. Bu, cari mövsümdə ilk belə hadisədir.

Azərbaycan çempionatları tarixində isə 2-ci dəfə belə “11-liy”ə təsadüf olunub. Legionçu limitinin indiki kimi olmadığı 2008-10-cu illərdə bir matçda eyni komandanın start heyətində 11 əcnəbi yer alıb.

2009/10 mövsümünün XIX turunun “Simurq” – “Xəzər Lənkəran” görüşündə (1:2) meydan sahibləri 11 legionerə güvənib: 77. Vitali Postranski, 4. Aleksandr Malıgin (k), 7. Gennadi Solonitsin, 8. Ruslan Qunçak, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 19. Yuri Bulıçev, 23. Roman Axalkatsi, 24. Andrey Raspopov, 32. Aleksandr Qolban, 33. Nenad Beqoviç.

2010-cu il fevralın 9-da keçirilən qarşılaşmadan 5729 gün sonra eyni hadisə yaşanıb. Həmin vaxt olduğu kimi yenə qonaq komanda 2:1 hesablı qələbə qazanıb. Amma bu dəfə matça 11 legionçu ilə başlayan komanda üç xala sevinib.

Zaqatalada keçirilən oyunda yerli komandanın baş məşqçisi də legionçu – ukraynalı Roman Pokora olub. Bu dəfə isə 11 legionçuya yerli mütəxəssis Qurban Qurbanov fürsət verib. 

Həmin kateqoriyadan