- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ”la “Qəbələ” də qrupdakı növbəti oyununa çıxacaq.
“Qəbələ” doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşacaq. “Qarabağ” isə səfərdə Fransanın “Monako” klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 20:00-da start götürəcək bu oyun bitəndən az sonra, 22:00-da da Ağdam klubunun knyazlıq təmsilçisi ilə dueli start götürəcək.
Xatırladaq ki, son Azərbaycan çempionu “Qarabağ” bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə “Yanq Boyz”una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə “Tottenhem”i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşsə də (1:3), doğma meydanda Belçika “Anderlext”inə qalib gəlmişdi – 1:0.
Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi “Panatinaikos”u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi – Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı. Lakin ikinci turda Rusiya “Krasnodar”ı ilə qarşılaşma təmsilçimiz üçün uğursuz başa çatdı – 1:2.
Təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və “Qarabağ”la “Qəbələ”nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin doğma meydanda ən azı heç-heçə etməsi də günün sensasiyalarından sayıla bilər. Elə “Qarabağ”dan da demək olar ki, ən azı heç-heçə gözlənilir. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları “Monako” ilə səfər oyunundan mütləq xalla ayrılmalıdırlar.
Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 14.375 reytinq xalı var ki, onun da 3.875 xalı cari mövsümdə qazanılıb (“Qarabağ” – 1.500, “Qəbələ” – 1.375, “İnter” – 0.750, “Neftçi” – 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
Ayrıca götürsək, “Qarabağ” 12.375 xalla klub sıralamasında Avropanın 129-cu, “Qəbələ” isə 5.125 reytinq xalı ilə 254-cü komandasıdır. Rəqiblərə gəlincə, “Borussiya” 93.778 xalla 9-cu, “Monako” da 32.283 xalla 57-cidir.
Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. “Qəbələ”nin qrupunda “Krasnodar” səfərdə PAOK-un qonağı olacaq. “Qarabağ”ın yer aldığı qrupda isə “Anderlext” doğma meydanda “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
3-cü tur
22 oktyabr
C qrupu
20:00. “Qəbələ” – “Borussiya”
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. “Bakcell Arena”.
J qrupu
22:00. “Monako” – “Qarabağ”
Baş hakim: Yakob Kehlet (Danimarka).
Monako. “Lui II” stadionu.