- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qarabağ” J qrupunda İngiltərinin “Tottenhem”, Belçikanın “Anderlext” və Fransanın “Monako” klubları ilə qarşılaşacaq. Allsport.az sizi Ağdam klubunun rəqibləri ilə daha yaxından tanış edir.
“Tottenhem”
İngiltərənin aparıcı klublarından olan London təmsilçisi 1882-ci ildə yaradılıb. 132 yaşlı qocaman klub ev oyunlarını Londondakı “Uayt Hart Leyn” stadionunda keçirir. Sözügedən arena 36 mindən çox azarkeş tutumuna malikdir. Klubun prezidenti Daniel Levidir. Baş məşqçi postunu isə Maurisio Poçettino tutur. Argentinalı mütəxəssis 2014-cü ildən bu komandanın sükanı arxasında çalışır.
“Tottenhem” yaşlı klub olmasına baxmayaraq, İngiltərədə cəmi iki dəfə ölkə çempionu adını qazanıb. Bu, 1950/51 və 1960/61 mövsümlərinə təsadüf edib. 4 dəfə isə Premyer Liqanın gümüş medalları “Qarabağ”ın rəqibinə qismət olub. 8 dəfə İngiltərə Federasiya Kubokuna sahib çıxan London təmsilçisi 4 dəfə də Liqa Kubokunu qazanıb.
Ağdam klubunun rəqibi beynəlxalq arenada da müəyyən uğurlara malikdir. Məsələn, bu komanda iki dəfə indi Avropa Liqası adlanan UEFA Kubokunun qalibi olub. Bu, 1972 və 1984-cü illərə təsadüf edib. 1974-cü ildə isə bu turnirin finalına çıxmasına baxmayaraq, məğlubiyyətlə üzləşib. “Tottenhem” 1963-cü ildə də Kuboklar Kuboku adlanan turnirdə baş mükafata sahib çıxıb.
Ötən mövsüm bu klub Premyer Liqada 5-ci yeri tutmaqla Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı qazanıb. Keçirdiyi 38 oyunda 19 qələbə qazanıb, 7 dəfə heç-heçə edən “Tottenhem” 12 matçda meydanı məğlub tərk edib. Rəqiblərini 58 dəfə məyus edən komanda öz qapısında 53 qol görüb.
İngiltərədə artıq yeni mövsümə də start verilib. Premyer Liqanın geridə qalan 3 turunda bu komanda hələ qələbə qazana bilməyib. 2 dəfə heç-heçəyə razılaşan londonlular bir oyunda da məğlub olublar. 2 xala malik “Tottenhem” 20 klub arasında 16-cı sırada qərarlaşıb. “Qarabağ”ın rəqibinin heyətində Huqo Loris, Erik Lamela, Emmanuel Adebayor, Aaron Lennon, Naser Şadli, Yan Vertongen və daha bir neçə ulduz futbolçu çıxış edir.
“Monako”
Monako Knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmaması səbəbindən Fransa Liqasında çıxış edən, bu səbəbdən də fransız klubu sayılan peşəkar futbol klubu – “Monako” 91 il əvvəl – 1924-cü ildə yaradılıb. Komanda ev oyunlarını “Stad Lui II” arenasında keçirir. Stadion 18 500 azarkeş tutumuna malikdir. Klubun iki sahibi var. Klubun səhmlərindən 66.67 faizi rusiyalı Dimitri Ribolovlevə, yerdə qalan 33.33 faizi isə Qrimaldi ailəsinə, daha dəqiqi Knyaz Alberə məxsusdur. Komandanın baş məşqçisi Leonardo Jardimdir. Venesueladan olan mütəxəssis 2014-cü ildən bu klubun sükanı arxasında çalışır.
Əslində, sırf Fransa klubu olmasa da, knyazlıq təmsilçisi bu ölkənin ən titullu komandalarından hesab olunur. “Monako” 7 dəfə (1960/61, 1962/63, 1977/78, 1981/82, 1987/88, 1996/97, 1999/00 mövsümlərində) Fransa çempionu adını qazanıb. 6 dəfə gümüş medal (1963/64, 1983/84, 1990/91, 1991/92, 2002/03, 2013/14) əldə edən monakolular 11 dəfə də (1955/56, 1957/58, 1984/85, 1988/89, 1989/90, 1992/93, 1995/96, 1997/98, 2003/04, 2004/05, 2014/15) bürünc medallarla kifayətlənməli olublar. 5 dəfə (1959/60, 1962/63, 1979/80, 1984/85, 1990/91) Fransa kubokunu qazanan “Qarabağ”ın rəqibi bir o qədər oyunda da (1973/74, 1983/84, 1988/89, 1991/92, 2009/10) finalda uduzub. 1961, 1985, 1997 və 2000-ci illərdə Fransa Super Kubokunu qazanan “Monako” 1960-cı ildə də məğlubiyyətlə üzləşib. Fransa Liqa Kubokunda yalnız bir dəfə – 2002/03 mövsümündə baş mükafat knyazlıq təmsilçisinə nəsib olub.
“Tottenhem” kimi, “Monako” da beynəlxalq arenada kifayət qədər təcrübəyə malikdir. Bu komanda Çempionlar Liqasının 2003/04 mövsümündə yalnız finalda uduzaraq, gümüş medallarla kifayətlənib. Kuboklar Kubokunun 1991/92 mövsümündə də bu komanda yalnız həlledici görüşdən məğlub ayrılıb. UEFA Kubokunda isə “Monako” sadəcə, 1996/97 mövsümündə yarımfinala qədər irəliləyə bilib.
Son mövsümdə “Monako” Liqa 1-də 3-cü yeri tutaraq, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynamaq şansı qazanıb. Maraqlıdır ki, komanda ilk cəhdində “Qarabağ”ın Avroliqanın pley-off mərhələsində məğlub etdiyi İsveçrənin “Yanq Boyz” klubuna divan tutub. Səfərdə rəqibini 3:1 hesabıyla yenən knyazlıq təmsilçisi doğma meydanda da 4:0 hesablı qələbə ilə ÇL-in pley-offuna vəsiqə qazanıb. Amma İspaniyanın “Valensiya” klubu ilə görüşlər “fransızlar” üçün uğursuz olub. Ümumi nəticədə 3:4 hesabıyla uduzan “Monako” Avroliqanın qrup mərhələsində oynamaq məcburiyyətində qalıb.
“Monako” son mövsümdə keçirdiyi 38 oyundan 20-də qalib gəldiyi halda 11 dəfə heç-heçə edib, yalnız 7 qarşılaşmada uduzub. Rəqib qapılarından 51 top keçirən komanda cəmi 26 dəfə məyus olub ki, bu göstəricisinə görə Liqa 1-də ən yaxşı müdafiə xəttinə malik olduğunu göstərib. Cari mövsümdə isə bu klub 2 dəfə heç-heçə edib, bir oyunda qələbə qazanıb və 5 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın heyətində Fabio Koentrao, Rikardo Karvalyo, Joao Moutinyo, Stefan Əl-Şəravi, Jeremi Tulalan kimi ulduzlar çıxış edir.
“Anderlext”
“Qarabağ”ın digər rəqibi isə Belçikanın ən nəhəng klubudur. Brüsseli təmsil edən klub 1908-ci ildə yaranıb. Hazırda kluba Roje Vanden Stok prezidentlik edir. Komandanın baş məşqçisi isə Besnik Hasidir. Albaniyalı mütəxəssis 2008-ci ildən bu klubda fəaliyyətdədir. 2014-cü ilədək baş məşqçi köməkçisi kimi işləmiş Hasi ötən ildən etibarən özü bu posta təyin olunub. Komanda ev oyunlarını “Konstant Vanden Stok” adına stadionda keçirir. Arena daxili yarışlar zamanı 28 mindən çox azarkeş tutur. Lakin beynəlxalq oyunlar zamanı yalnız 21 845 azarkeşi qəbul edə bilir.
Belçikanın ən titullu klubu 33 dəfə ölkə çempionu olub. 9 dəfə Belçika kubokunun sahibi olmuş komanda 12 dəfə də superkubokun qalibi adını qazanıb. “Anderlext” beynəlxalq arenada da titullara sahibdir. Belə ki, 1976 və 1978-ci illərdə Belçika nəhəngi Kuboklar Kubokunun qalibi adını qazanıb. 1977 və 1990-cı illərdə isə bu turnirin finalına yüksəldiyi halda, məğlubiyyətlə üzləşib. 1983-cü ildə UEFA Kubokunun qalibi olan “Anderlext” 1984-cü ildə də bu turnirin finalında məğlub olub. 1976 və 1978-ci illərdə isə belçikalılar UEFA Super Kubokuna sahib çıxıblar.
Son illərdə əvvəlki əzəmətini itirən “Anderlext” ötən mövsüm ölkə çempionatında 3-cü yeri tutub. Nəticədə, bu klub Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı əldə edib. Belçika birinciliyinin yeni mövsümündə “Qarabağ”ın rəqibi 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 görüşdə də məğlub olaraq, 10 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın heyətində ulduz futbolçular çox olmasa da, ən tanınmış futbolçusu İtaliyanın “Roma” klubunun yetirməsi olan, bu yay “Sampdoriya”dan alınmış hücumçu Stefano Okakadır. O, həm də İtaliya yığmasının üzvüdür.