- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Marakana” stadionunda 31-ci Yay olimpiya oyunlarının möhtəşəm bağlanışına start verilib. Allsport.az saytı xəbər verir ki, əvvəlcə sambaçıların ifasında Rionun görməli yerləri, Olimpiya halqaları təqdim olunub və musiqili hissə başlayıb. 27 uşağın ifasında ölkə himni səsləndirilib və dövlət bayrağı qaldırılıb. Uşaqların sayı Braziliyanın 26 ştatı və 1 federal dairəsinin sayına uyğun seçilib.
Rio-2016-da iştirak edən ölkələrin bayraqları səhnəyə gətirildikdən sonra yarışın mükafatçılarının paradı maraqlı anlarla yadda qalıb. Ölkənin tarixinin, qədim yaşayış məskənlərinin, qədim insanların çəkdiyi qayaüstü rəsmlərin canlandırıldığı növbəti hissənin davamında Braziliyanın toxuculuq sənayesinin inkişaf tempi təqdim olunub. Hissə Braziliyanın məşhur balet qrupunun çıxışı ilə yekunlaşıb.
Sonra marafon yarışının qalibləri mükafatlandırılıb. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. Efiopiyalı Feyisa Lilesa gümüş, ABŞ atleti Qalen Rupp isə bürünc medal qazanıb. Medalları mükafatçılara Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər və Keniyanın dövlət himni səsləndirilib. BOK-un Atletlər Komissiyasının yeni seçilmiş üzvlərinin təqdimatından sonra böyük yarışların ayrılmaz hissəsi olan könüllülərin bir qismi səhnəyə dəvət olunub və mükafatlandırılıb.
Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstanın dövlət bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsindən sonra BOK-un bayrağı endirilib. Olimpiya bayrağı 2020-ci ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Tokio şəhərinin meri xanım Yuriko Koikoya təqdim olunub və Yaponiyanın dövlət himni səsləndirilib.
Rio-2016-nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman və BOK-un prezidenti Tomas Bax Olimpiadanın yüksək dostluq şəraitində keçdiyini, Rionun yeni tarix yazdığını və yarışın uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar. Braziliyanın flora və faunasından bəhs edən hissə başa çatdıqdan sonra Olimpiya məşəli söndürülüb və tədbir karnavalla davam edib.
Azərbaycan komandası 31 Yay olimpiya oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (59 lisenziya) ilə qatılıb. Bu, ötən “dördillik”lə müqayisədə, 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olunub.
Rio-2016 bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilib. Belə ki, bu, Cənubi Amerikada keçirilən ilk olimpiya oyunlarıdır. Rio-de-Janeyronun dörd rayonunda – Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. 31-ci Olimpiadada rekord sayda – 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulub. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Kongo Demokratik Respublikasından, 1-i isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan isə olimpiadada ilk dəfə çıxış edib.
31-ci Yay olimpiya oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub.
Bu “dördillik”Azərbaycan olimpiyaçıları üçün uğurlu olub. Rio-2016-da komandamız 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər. Medal sıralamasında Azərbaycan 39-cu olub.