Roberto Bordin: “Sperantsa”nın atletik tonusu bizlə müqayisədə çox yaxşıdır

“Neftçi”nin baş məşqçisi Roberto Bordin müsahibə verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis öncə təlim-məşq toplanışını dəyərləndirib: “Təlim-məşq toplanışımız çox pozitiv alındı. Çox yaxşı işləyə bildik. Yalnız gənc futbolçularımızdan Əsgər Hüseynovun zədələnməsinə təəssüflənirəm. Əlbəttə, sınaq matçlarından birinin baş tutmaması kifayət qədər neqativ haldır. Çünki məhz oyun praktikasına həmişə ehtiyac olur. Təlim-məşq toplanışları həm də buna görə həyata keçirilir. Yoxlama görüşləri futbolçular arasında qarşılıqlı anlaşmanı tapmağa, həmçinin yenilərin necə oynadığını anlamağa kömək edir. Təbii ki, bu amil bizim üçün çox vacibdir, amma bu boşluğu sonrakı məşqlərdə doldurmağa çalışdıq”

Baş məşqçi yeni transferlərlə də bağlı danışıb: “Yeni transferlərdə adaptasiya ilə bağlı problem olmadı. Onlar artıq yaxşı inkişaf etmiş bir kollektivə gəliblər. Dario isə ümumiyyətlə evə qayıdıb. Bu komandadan çox razıyam. Ona görə ki, prozitiv vəziyyət yaranır və biz oyuna çıxanda həmin vəziyyəti görürük”.

İtaliyalı çalışdırıcı bildirib ki, Avropa liqasınin birinci təsnifat mərhələsindəki rəqibimiz olan “Sperantsa”nı qiymətləndirməmək olmaz: “Komandalar həmişə dəyişir. Biz dəyişdiyimiz kimi, “Sperantsa” da dəyişir. Təbii ki, mən “Şərif”dən gedəndən sonra rəqib komanda da dəyişib. İnternet və başqa mənbələr vasitəsilə hər bir rəqib haqda çox şey öyrənmək mümkündür. Bu bizə də aiddir, rəqibə də. Əlbəttə, “Sperantsa” ilə bağlı məlumat toplayırıq. Rəqibin “Şerif”lə oyununu izləmişik. Bu komandanı qiymətləndirməmək olmaz. Yaxşı, texnikalı futbolçuları var. Moldova çempionatının davam etməsi onlar üçün yaxşı üstünlükdür. Buna görə də onların atletik tonusu bizimki ilə müqayisədə çox yaxşıdır. Bunları nəzərə alıb, çox diqqətli olmalıyıq. “Sperantsa” ilə çox vacib oyunlara hazırlaşmaq üçün 10 günümüz var”.

Həmin kateqoriyadan