Roberto Bordin: Yaxşı hal deyil ki, uduzan komanda rəqibi günahlandırır

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 3-cü turunda “Sumqayıt” üzərində 2:1 hesablı qələbəyə şərh verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis azarkeşləri yenidən tribunada görmək istədiyini bildirib:

“Əvvəldən sonadək gərgin oyun oldu. Yaxşı başlamadıq, amma buraxdığımız qoldan sonra sanki ayıldıq. İlk dəqiqələrdən yaratdığımız vəziyyətləri qola çevirə bilmədiyimiz üçün futbolçuların üzərində gərginlik var idi. Onları qələbə münasibətilə təbrik edirəm. Sona qədər mübarizə apardılar, xarakter göstərib qələbə qazandılar. Bu çox vacib qələbə idi.

Sonda nələrin baş verdiyini gördünüz? Orada elə bir vəziyyət yaranmışdı ki, mən də bir neçə dəfə zərbələrdən qaçası oldum. Məsələni araşdırıb müvafiq qərar verəcəm. Bu vəziyyətdə təkcə Anton və Vurğun Hüseynovu günahlandırmaq olmaz. Çünki hər iki komanda oyunboyu xoşagəlməz hallar yaratdı ki, bu da sonda gətirib bu vəziyyətə çıxardı. Məgər Ayxan Abbasov italyanca bilir? Mən o vəziyyətdə istəyirdim ki, komandalar sakitləşsin. Yaxşı hal deyil ki, uduzan komanda rəqibi günahlandırır. Hərə öz evinin içinə cavabdehdir. Öz futbolçularımı düşünməliyəm. Xahiş edirəm, rəqib baş məşqçi də belə etsin. Çempionatdakı hər bir komanda bizim üçün rəqibdir.

Bu gün mütləq qələbə qazanmalı idik və buna nail olduq. “Forza Neftçi” fan-qrupunun oyunları boykot etməsinə gəlincə, əlbəttə, azarkeşlərin oyuna gəlməsi komandaya əlavə motivasiya verir. Xüsusilə bu cür fanatların sayəsində evdə oynadığımızı hiss edirik. Azarkeşlərimizi başa düşürəm, son nəticələrimiz yaxşı olmadı. Bununla belə, onları yenidən tribunada görmək istərdim. Azarkeşlərlə keçən mövsüm mütəmadi görüşürdük. Çempionatda yaranacaq fasilədən istifadə edib onlarla yenidən görüşmək istərdim. Donald Geryenin transferinə gəlincə, bununla bağlı heç nə deyə bilmərəm. Qarşıdakı 3 günlük fasilə müddətində transfer məsələlərini rəhbərliklə müzakirə edəcəyik. Sonra isə növbəti turun hazırlığına başlayacağıq”.

Həmin kateqoriyadan