Roman Qriqorçuk: Sabah bizi ciddi oyun gözləyir

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Samtredia” (Gürcüstan) – “Qəbələ” matçından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikiri ilə tanış edir:

“Sabah bizi ciddi oyun gözləyir. Bu üzdən matça da ciddi hazırlaşırıq. Həmişə məhsuldar oyun nümayiş etdirmək istəyirik. “Samtredia” ilə cavab oyununda da belə olacağına ümid edirəm. Heyətimizə qatdığımız yeni oyunçuların transferindən razıyam. Onların gələcəkdə də tələblərimizi yerinə yetirə biləcəyini gözləyirəm. Teo Uiksin sabahkı matçda qol vurmamaq variantını ağlımızdan keçirmirik. Mən istəyirəm ki, liberiyalı bu qarşılaşmada da rəqib qapısına yol tapsın.

Həm ondan, həm Baqali Dabodan, həm də digər hücumameylli futbolçularımızdan qol gözləyirəm. Çünki qol vuranda futbolçunun həm özünəinamı artır, həm də əhval-ruhiyyəsi yüksəlir. Qarşılaşmanın keçiriləcəyi meydanın ot örtüyünün faciəvi olduğunu düşünmürəm. Burada yağış altında oyun keçirildiyindən durumu bir az pis vəziyyətə düşüb. Amma düşünürəm ki, buna cavabdeh olan şəxslər əllərindən gələni edəcəklər.

Meydançanın bizə və rəqibə problem yaradacağını düşünmürəm. Növbəti mərhələdəki mümkün rəqiblərimizin oyununu görməmişəm. Onlar arasında heç bir ciddi fərq görmürəm. Qazaxıstan və ya Macarıstan təmsilçisi ilə qarşılaşmağın da fərqi yoxdur. Onların hər ikisi ciddi rəqibdir. Amma indi bu barədə çox danışmamalıyıq. Hazırda fikrimiz sabahkı oyuna köklənib”.

Həmin kateqoriyadan