Niderland səfirliyi önündə aksiyada AFFA-nın fotoqrafı Qənbər Cəlilov nə gəzirdi?!

Niderland səfirliyi önündəki aksiyanın təfərrüatları bəlli olur. Allsport.az saytı xəbər verir ki, millimizin Macarıstanla səfər matçının son dəqiqəsində sayılmayan qolumuza görə təşkil edilən mitinqi heç də azarkeşlər hazırlamayıb. Bəhlul Mustafazadənin vurduğu, amma holland hakimlərin səhvən qeydə almadığı həmin qol əslində, heç nəyi dəyişməyəcəkdi. Belə ki, matç heç-heçə bitsəydi, xalımız ikiyə çatacaqdı, lakin qrup sonunculuğundan qurtulmağımız mümkün olmayacaqdı. 

Millinin biabırçı nəticələri ölkə ictimaiyyətində bütün sferalarda narazılıq doğurur. AFFA da iz azdırmaq, guya ki, hakimlər tərəfindən sıxışdırıldığımızı gözə soxmaq istəyir. Niderland səfirliyi qarşısındakı gülünc aksiya da bu məqsədlə təşkil edilmişdi. Maraqlıdı ki, aksiyaya yerli azarkeşlərdən heç kim qatılmayıb. Demək olar, sosial şəbəkədəki heç bir azarkeş səhifəsində bununla bağlı hansısa paylaşım yoxdu. Əksinə, bu aksiyada AFFA-nın könüllülərinin iştirakı haqda yazılır. Tədbirin fanatlarının etirazının nəticəsi olmadığı, süni təşkil edilməsini orada iştirak edənlərin kimliyi də göstərir. 

Futbolinfo.az-ın məlumatına görə, aksiyadan çəkilmiş videogörünülərdə AFFA-nın fotomüxbiri Qənbər Cəlilov ön plana çıxır, hətta iştirakçılara necə dayanmaları barədə verdiyi göstərişlər eşidilir. Heç bir mətbuat nümayəndəsinin aksiyaya dəvət olunmaması da maraqlı faktdı. Deməli, AFFA təşkil etdiyi aksiyanın təfərrüatlarının mətbuatdan gizli qalmasını, sadəcə, “hazır material”ın geniş yayılmasını istəyirmiş.

Həmin kateqoriyadan