Səviyyədən düşən Premyer Liqamız neft buruğunda yanır

Əvvəllər oyununu canlı görmək imkanımız olmayan rəqiblər bir-birinin ardınca Bakıya gəlirlər. Allsport.az saytının məlumatına görə, söhbət kimisə, hansısa klubu yaxından görməkdən getmir. Azərbaycan futbolu və onun potensialı üçün, bu böyük hadisə sayıla bilməz. Digər yandan, bu gün şərait və imkanlar baxımından klublarımız qitənin ortababları ilə ayaqlaşa bilməlidilər. Lakin artıq buna mane olan səbəblər var. Özü də çox aktual və getdikcə daha ciddi xarakter alan problemlərə söykənərək.

Azərbaycanda futbol inkişaf məcrasından çıxıb və azıb. 1 ildən artıqdı ki, bu vəziyyət gündəmin göbəyini təşkil edir və «yeni nəfəsliy»in açılma ehtimalı da azalmaqdadır. Dünyanın aparıcı ölkələri müharibə ilə bir-birini təhdid edir. Yaxın Şərq 5 ilə yaxındır qaynayır, qan su yerinə axır. Ərəb ölkələri faciə içindədir. Bütün bu savaşlar, qanlı-qadalı olaylar neft üstündədir. Həmin neft ki, qiyməti ölkələrin, yüzmilyonlarla insanın taleyi üzərində oynayır.

Yaxın qonşularımızı belə, çalxalayan məlum beynəlxalq qalmaqalar, təbii ki, Azərbaycana da neqativ təsirini artırmaqdadır. Dünya birjasında neftin qiymətinin az qala üç dəfə aşağı düşməsi ümumi iqtisadiyyatı «vurub». SOCAR dünən bəyan etdi ki, «kəmərsıxma» zərurətdi, etməsələr, olmaz. Neft şirkəti, demək olar, bütün sosial layihələrdən çəkilib. Hesaba qatsaq ki, SOCAR həm də respublikanın futbol həyatının «qida boru»sudur, istər sözügedən şirkətə birbaşa bağlı, istərsə də hər hansı formada əlaqələrə malik klublar hər üç qütbü – iddialı, ortabab və miskinləri əhatə edir, ən qısa zamanda növbəti «zəlzələ»nin baş verməsi realdır.

Soyuqdan üşüyən Premyer Liqa və I Divizion təmsilçilərinin neftin dəyərini sürətlə itirməsindən sığortalanmasını ehtimal etməyə kiçicik əsas da qalmayıb. Qısacası, 10 ballıq külək yelkənli qayığı açıq dənizdə atıb-tutur, içərisinə isə artıq su olub, bortun bir tərəfi əyilib.
2004-2014-cü illər futbolumuzun «qızıl era»sının onurğa sütununu təşkil etdi. Yaz gedib, yonca qalıb. Bu minvalla, milyonlarla dolların dolaşdığı klub səltənətində bayquş və çaqqal ulayacaq. Yumağa «çirkli pul» da tapılmayacaq. Durum göründüyündən də, düşünüldüyündən də kritikdi. Əməlli-başlı aclıqdı. Hər şey var, heç nə yoxdur.

«Qarabağ» və «Qəbələ» rəqibsizliyin ağırlığını Avroliqada hiss etdi. Səviyyə fərqi zatən var idi, indi daha açıqdır. Sabah isə heç müqayisəyə gəlməz. İki bir-birinə tərs-mütənasib yarış – Avroliqa ilə Premyer Liqa arasında qalan, atdan düşüb atlana bilməyən, buna qədərsə ata çatanadək uzunqulaq minən son avro-iştirakçılarımızın mövcud şəraitdə müvazinətini saxlaması, heç olmasa, varlığını qoruması zora girib.

Azərbaycanda futbolun hənirtisini duyuran bu 2 klub qalıb, birinə nəzər dəysə, vay yerdə qalanların halına! Barı, bunların hesabına adımız UEFA-nın püşkatmasında kor püşkdən çıxır, başlarını yerə qoysalar, səsimiz başqa yerdən çıxacaq.
Gec gəldi, tez getdi. Bizimki buna döndü. Ölür futbolumuz, amma nə yedik, nə doyunca gördük, nə də istisinə qızındıq. Avropa nəhənglərini canlı izləmək imkanı yenə bizdən alınır. Ekran başına yığışırırq təzədən.

(Sportinfo.az)

Həmin kateqoriyadan