“Sabah yaxşı təcrübə toplayacağıq”

Çempionlar liqasının II təsnifatı çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abbasovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, o, oyun haqda bunu deyib:

“Artıq meydana girəndə klubun böyüklüyü, əzəməti görünürdü. Sabah hansı komandaya qarşı oynayacağımız meydana ilk addımı atandan bəlli olur. Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm, sadəcə, onu deyim ki, “Olimpiakos” bu cür turnirlərə alışıb.

Keçən il Avropada göstərdiyi oyun bu klubun məqsədinin, böyüklüyünün göstəricisidir. Bizi təcrübəli, heyətində çox keyfiyyətli futbolçular olan komandaya qarşı çətin oyun gözləyir. Bununla belə, çox rahatıq. İlk mərhələdən fərqli olaraq, həm fiziki cəhətdən, həm də oyun baxımından özümüzə gəlməyə başlamışıq. Bu cür oyunlar formaya tez düşməyimizə kömək edir.

“Neftçi” olaraq uzun müddət çempionlar liqasından uzaq qaldığımızı nəzərə alsaq, sabah hər bir halda yaxşı təcrübə toplayacağıq. Bundan sonrakı rəqiblərimizin də aşağı-yuxarı eyni gücdə olması bizim üçün yetərincə təcrübə olacaq. Bu bizə qarşıdakı matçlarda kömək ola bilər. Sabahkı oyun üçün psixoloji vəziyyətimiz də kifayət qədər yerində olmalıdır ki, rəqibə qarşılıq verə bilək. İnanıram ki, hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan