Samir Ələkbərov: “Neftçi”də işləməyə hazıram”

Bu gün “Neftçi”nin veteran futbolçusu Samir Ələkbərovun 51 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, 1968-ci ildə dünyaya gəlmiş hücumçu 1987-1999-cu illər ərzində “Neftçi”nin heyətində 280 oyun keçirib. 138 qolun müəllifi olmuş Ələkbərov “Neftçi” tarixinin ən çox qol vurmuş futbolçudur. “Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1996) və superkubokun (1993) qalibi olmuş Samir Ələkbərov 1991, 1992, 1993-cü illərdə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

O, 1992-1996-cı illər ərzində Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub. Samir Ələkbərov məşqçilik fəaliyyətinə də “Neftçi”də başlayıb. O, 2002-2006-cı illərdə ərzində məşqçi kimi çalışdığı komandamızla ölkə çempionatının (2004, 2005) və kubokunun (2004) qalibi olub.

– Doğum gününüz mübarək, Samir müəllim! Bu günü necə qeyd edəcəksiniz?
– Çox sağ olun! Bu gün mənim üçün böyük bir önəm daşımır, sadəcə bir rəqəm o birini əvəzləyir.

– Deməli, qeyd etməyəcəksiniz?
– Ənənəvi olaraq ailəmlə bir yerdə, evdə keçirəcəyəm. Adətən, qeyri-adi bir planım olmur.

– Doğum gününüzdə sizə təqdim edilən ən gözlənilməz hədiyyə nə olub?
– Ümumiyyətlə, hədiyyə almağı xoşlamıram, amma keçən il mənə çox maraqlı hədiyyə veriblər. Səhər üzərində “50” yazısı olan mayka hədiyyə ediblər, axşamüstü isə mənimlə vidalaşıblar (gülür).

– “Neftçi”nin oyunlarına baxırsınızmı?
– Həmişə! “Neftçi” hər zaman mənim qəlbimdədir. Həmişə demişəm və deyəcəyəm: mən “Neftçi”də işləməyə hazıram və öz biliklərimi bu komanda ilə bölüşməyə şad olaram!

Həmin kateqoriyadan